Azərbaycanda koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması halları müəyyənləşib.
Eləcə də bax: Sahibkarlar güzəştli krediti, zəmanəti və subsidiyanı - BELƏ ALACAQLAR - QAYDALAR
FED.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması üçün sahibkarlıq subyektlərinin kreditlərinə dövlət dəstəyinin verilməsi ilə bağlı bir sıra tədbirlər barədə qərarında öz əksini tapıb.
Qərara əsasən, sahibkarlıq subyektlərinin alacaqları kreditlərə dövlət zəmanəti bu ilin sonuna qədər veriləcək.
Zəmanət zərər çəkmiş sahələrin iqtisadi fəaliyyət növləri üzrə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin müvəkkil kredit təşkilatlarından almaq istədikləri kreditlərə verilir. Faiz subsidiyaları zəmanət verilən kreditlərə hesablanıb ödənilir.
Zəmanət aşağıdakı hallarda verilmir:
- sahibkarlıq subyektinin müvəkkil kredit təşkilatından almaq istədiyi kreditin təyinatı zərər çəkmiş sahələrin iqtisadi fəaliyyət növlərinə uyğun deyildirsə;
- kredit hesabatına əsasən, sahibkarlıq subyektinin bu il martın 10-na qədər 60 gündən artıq (zamin durduğu öhdəliklər istisna olmaqla) gecikməsi olduqda;
- sahibkarlıq subyektinin bank hesabları üzərində məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla sahibkarlıq subyekti arasında müqavilədə nəzərdə tutulmuş hallarda pul vəsaitinin silinməsinə dair müvafiq sərəncam olduqda;
- sahibkarlıq subyekti zəmanət üçün müraciət etdiyi müvəkkil kredit təşkilatına aidiyyəti şəxs olduqda;
- sahibkarlıq subyekti zərər çəkmiş sahələrin iqtisadi fəaliyyət növü ilə məşğul olmadıqda;
- sahibkarlıq subyektinin nizamnamə kapitalında dövlətin iştirak payı 50%-dən çox olduqda;
- sahibkarlıq subyektinə münasibətdə vergiləri ödəməkdən yayınma ilə bağlı cinayət təqibi həyata keçirildikdə;
- sahibkarlıq subyekti Vergi Məcəlləsinə və Nazirlər Kabinetinin müəyyən etdiyi meyarlara əsasən riskli vergi ödəyicisi olduqda;
- sahibkarlıq subyektinin fəaliyyət növü təsərrüfat subyektinin (və ya obyektinin) uçota alınmasının tələb edildiyi halda, belə obyekt vergi orqanında uçota alınmadıqda;
- sahibkarlıq subyektinin müraciət tarixinə fəaliyyəti dayandırılmış olduqda və (və ya) ləğvetmə prosesində olduqda;
- sahibkarlıq subyektinin faktiki fəaliyyəti və göstəriciləri ilə onun vergi ödəyicisinin uçot məlumatları arasında uyğunsuzluqlar aşkar edildikdə.
Balansarxası öhdəliklərə zəmanət və faiz subsidiyası verilmir. Faiz subsidiyası dövlət tərəfindən yaradılmış maliyyə institutlarının və fondlarının resursları hesabına verilən güzəştli kreditlər istisna olmaqla, koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması qaydasında nəzərdə tutulan şərtlər əsasında zəmanət verilən kreditlərə şamil olunur. Faiz subsidiyası kreditin illik faiz dərəcəsinin 50%-i həddində verilir. Zəmanət və faiz subsidiyası verilmiş kredit vəsaitlərindən sahibkarlıq subyektləri yalnız təyinatına uyğun istifadə etməli və bunu müvafiq təsdiqedici sənədlərlə rəsmiləşdirməlidirlər.
Sahibkarlıq subyektlərinin alacaqları kreditlər ümumilikdə 300 milyon manata qədər dövlət zəmanəti ilə təmin edilir.
Dövlət zəmanəti verilən kreditlər aşağıdakı tələblərə cavab verməlidir:
- hər bir sahibkarlıq subyekti üzrə kreditin məbləği 3 milyon manatdan çox olmamalı;
- kreditin illik faiz dərəcəsi 15%-dən yuxarı olmamalı;
- kreditin müddəti 3 ildən çox olmamalı;
- kredit üzrə güzəşt müddəti 12 aydan artıq olmamalı;
- bir kredit üzrə zəmanətin kreditə nisbəti 60%-dən çox olmamalı.
Dövlət zəmanətini yuxarıdakı tələblərə cavab verən kreditlərə Maliyyə Nazirliyi, Sahibkarlığın İnkişafı Fondu arasında bağlanılmış Çərçivə Zəmanət Sazişi əsasında verir. Fond bu Qaydanın Çərçivə Zəmanət Sazişi əsasında verilmiş dövlət zəmanətindən istifadə edilməsi barədə Maliyyə Nazirliyinə hər növbəti ayın 10-na qədər hesabat verir. Hesabatın formasını Fond və Maliyyə Nazirliyi təsdiq edir. (Report)