İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) hazırladığı “Yeni Qarabağnamə: Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında post-konflikt quruculuğu” kitabı işıq üzü görüb.
Eləcə də bax: “Yaşıl iqtisadiyyat” monoqrafiyasının təqdimatı - KEÇİRİLİB
FED.az xəbər verir ki, Azərbaycan xalqının çoxəsrlik tarixinin ən parlaq səhifələrindən biri – 2020-ci ildəki 44 günlük Vətən müharibəsində Ermənistan üzərində qələbəmizin ikiilliyinə həsr edilən kitab Prezident İlham Əliyevin rəhbəriliyi ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan post-konflikt quruculuğunda bəhs edir.
Kitabda davamlı sülhün təmin olunması və kommunikasiyaların açılması, sosial siyasət, yeni dövlət idarəetmə modeli, ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi fəaliyyəti, iqtisadi və sosial infrastrukturun yaradılması, dövlət təşviqilə iqtisadiyyatın canlandırılması, yaşayış məntəqələrinin planlı bərpası, əhalinin böyük qayıdışının təşkil edilməsi, Ermənistanın beynəlxalq məsuliyyətə cəlb edilməsi və Qarabağ həqiqətlərinin dünyaya çatdırılması siyasəti ayrı-ayrı bölümlərlə təqdim edilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Böyük Elmi Şurasının 12 sentyabr 2022-ci il tarixli qərarına əsasən nəşrə tövsiyə edilən kitab 11 müəllif tərəfindən yazılıb. Elmi redaktoru İİTKM-in icraçı direktoru Vüsal Qasımlı olan “Yeni Qarabağnamə: Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında post-konflikt quruculuğu” kitabını Ramil Hüseyn, Yusif Səfərov, Günay Quliyeva, Məsumə Talıbova, Coşqun Cəfərov, Mətanət Rəsulova, Aminə Bayramova, Ayaz Müseyiov, Ayhan Satıcı və Firdovsi Fikrətzadə hazırlayıb. Kitabdan hər kəs faydalana bilər.
Qeyd edək ki, “Yeni Qarabağnamə” kitabının ilk təqdimatı Vətən müharibəsi zəfərinin ikinci ildönümünə həsr olunan “Prezident İlham Əliyevin rəhbərliyi ilə post-konflikt quruculuğu modeli” adlı konfransda keçirilib. Kitab eyni zamanda Azərbaycan Memarlıq və İnşaat Universitetində və Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında təqdim olunub. Kitabın ingilis dilində hazırlanan variantının xarici universitetlərdə və beyin mərkəzlərində təqdimatı planlaşdılır.
Kitabla buradan https://ereforms.gov.az/files/publications/pdf/az/1fe6593ec84755b42f447f044d52980c.pdf, video təqdimatla https://ereforms.gov.az/az/video/iitkm-yeni-qarabagname-kitabini-teqdim-edib-298 isə buradan danış ola bilərsiniz.