İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) dəstəyi ilə hazırladığı “Yaşıl iqtisadiyyat” kitabının təqdimatı keçirilib.
Eləcə də bax: Gələn il işğaldan azad edilmiş ərazilərdə 130 hektar - Meyvə Bağı Salınacaq
FED.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər nazirliyində baş tutan təqdimatda nazir Muxtar Babayev, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı dirketoru Vüsal Qasımlı, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov və Kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov çıxış edərək “Yaşıl iqtisadiyyat” monoqrafiyasının əhəmiyyətindən danışıblar.
Qeyd edək ki, Dövlət İdarəçilik Akademiyasının Elmi Şurasının qərarına əsasən nəşrə tövsiyə olunan monoqrafiya ölkəmizdə bu sahədə ilk əhatəli tədqiqat əsəridir.
Üç bölmə və yeddi fəsildən ibarət olan monoqrafiya iqlim dəyişikliyi və davamlı inkişaf, iqtisadi inkişafın ekoloji hüdudları, “yaşıl şəhərlər” üçün “yaşıl iqtisadiyyat”, enerji səmərəliliyi: Dünya alternativlər axtarışında, maliyyə və “yaşıl qərarvermə”, Azərbaycanda “yaşıl iqtisadiyyat”: Mövcud durum və perspektivlər , “yaşıl büdcə” çərçivəsi və onun Azərbaycanda tətbiqi, “yaşıl artım” və kənd təsərrüfatı: Çağırışlar və imkanlar kimi mövzuları əhatə edir.
Kitabda xüsusən də işğaldan azad olunan ərazilərimizin “yaşıl enerji” zonasına çevrilməsi istiqamətində görülən işlərə geniş yer ayrılıb. Həmçinin “yaşıl büdcə” çərçivəsi və onun Azərbaycanda tətbiqi imkanları ilə bağlı aparılan tədqiqata da yer verilib.
Kitabın elmi redaktoru İİTKM-in icraçı direktoru, professor Vüsal Qasımlıdır. Müəllifləri Ramil Hüseyn, Rəşad Hüseynov, Rəşad Həsənov, Coşqun Cəfərov və Aminə Bayramova olan monoqrafiyaya akademik Urxan Ələkbərov və professor Nazim İmanov rəy verib.
Monoqrafiya Azərbaycanda “yaşıl düşüncə” və həyat tərzinin formalaşmasına töhfə verməklə, iqtisadi inkişafa dair dövlət proqramlarının, strateji sənədlərin, regional və yerli layihələrin hazırlanması üçün nəzərdə tutulub. Bu kitabdan tədqiqatçılar, sahibkarlar, doktorantlar, magistrantlar və tələbələr də faydalana bilərlər.