İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlıya müavin təyin edilib.
"Günay Sığorta"ya yeni sədr - TƏYİN EDİLİB
FED.az xəbər verir ki, bu barədə Mərkəzdən məlumat verilib.
Məlumata görə, Prezident İlham Əliyevin sərəncamları ilə bir sıra dövlət proqramlarının monitorinq və qiymətləndirilməsi İİTKM-yə həvalə edilib. Etimadı doğrultmaq və mühüm dövlət proqramlarının, strategiyaların, tədbirlər planlarının monitorinq və qiymətləndirilməsini vaxtında yüksək keyfiyyətlə yerinə yetirmək üçün qurumun kadr potensialı gücləndirilir, qabaqcıl beynəlxalq təcrübəyə əsasən, monitorinq-qiymətləndirmə institutu rəqəmsal texnologiyalardan istifadə edilməklə təkmilləşdirilir. Məhz İİTKM-də monitorinq və qiymətləndirmə sahəsində həyata keçirilən kadr təyinatı və struktur islahatları, həmçinin idarəetmə texnologiyaları da ali rəhbərliyin tapşırıqlarının yüksək səviyyədə yerinə yetirilməsinə, bu sahədə rəqəmsal həllərin tətbiqi məqsədinə xidmət edir. Yeni kadr təyinatları çərçivəsində Almaniyanın Bonn Universitetində doktorantura təhsili almış, Mərkəzin şöbə müdiri Rəşad Hüseynov monitorinq və qiymətləndirmə üzrə icraçı direktorun müavini təyin edilib.
Həmçinin İİTKM-də aparılan struktur islahatları nəticəsində Monitorinq və qiymətləndirmə şöbəsinin tərkibində üç yeni sektor yaradılıb, yeni təyinatlarla bu şöbənin potensialı gücləndirilib. Belə ki, hüquq üzrə fəlsəfə doktoru İlqar Babayev şöbənin müdir müavini təyin olunub. İstanbul Ticarət Universitetində təqaüd ilə beynəlxalq ticarət və Avropa Birliyi hüququ ixtisası üzrə doktorantura təhsil alan İ.Babayev bundan əvvəl Təhsil Nazirliyi sistemində bir sıra vəzifələrdə çalışıb.
Eyni zamanda iqtisad üzrə fəlsəfə doktoru Emil Qasımov şöbənin Sahəvi proqramların monitorinqi sektoruna, iqtisad üzrə fəlsəfə doktoru Təranə Salıfova Sosial-iqtisadi proqramların monitorinqi sektoruna rəhbər təyin olunub. Onların hər ikisi daha əvvəl İqtisadiyyat Nazirliyinin strukturlarında fəaliyyət göstərib.
Qeyd edilənlərlə yanaşı, ADA Universitetinin məzunları Şəbnəm Məmmədli və Elşən Yusifli, həmçinin Prezident yanında Dövlət İdarəçilik Akademiyasının məzunu, Prezident təqaüdçüsü Coşqun Cəfərov da Monitorinq və qiymətləndirmə şöbəsinin baş məsləhətçisi vəzifələrinə təyinat alıblar.
İİTKM-də monitorinq və qiymətləndirmə institutu müasir idarəetmə texnologiyaları, rəqəmsal həllər, qabaqcıl nəticə əsaslı metodologiya və bacarıqların inkişaf etdirilməsi ilə yüksək səviyyədə təşkil edilib.