Rusiyanın VTB Qrupuna daxil olan VTB Kapital şirkəti 2020-ci ildə Azərbaycanda 2%-dən artıq geriləmə olacağını proqneozlaşdırır.
Eləcə də bax: Azərbaycanda bank rəhbəri: «Proqnozları dəyişmədik - YÜKSƏK ARTIM GÖZLƏYİRİK»
Bu barədə FED.az-a Bank VTB Azərbaycanın idarə heyətinin sədri Yevgeniy Kirin bildirib.
VTB Kapitalın analitiklərinin proqnozlarına əsasən, 2020-ci ildə Azərbaycanda ÜDM 2%-dən bir qədər artıq azalacaq, amma 2021-ci ildə yenidən artım bərpa olunacaq. Rusiya üzrə də proqnozlar oxşardır. VTB Kapital analitikləri hesab edir ki, 2020-ci ildə Rusiyada ÜDM 4%-dən bir qədər artıq azalacaq, 2021-ci ildə isə təqribən 4% iqtisadi artım gözlənilir.
Analitiklərin fikrincə, bu dövrdə xarici valyuta məzənnəsində ciddi dəyişiklik olmayacaq. Hər iki ölkənin - həm Rusiya, həm də Azərbaycanın iqtisadiyyatı üçün mühüm əhəmiyyət daşıyan digər göstərici - neftin qiyməti isə, proqnozlara görə, bu il 40 dollardan bir qədər yüksək, gələn il isə bir qədər artaraq təqribən 45 dollar ətrafında olacaq.
«Biz nəzərə almalıyıq ki, sürətlə dəyişən şəraitdə bu proqnozlar dəyişə bilər. Amma istənilən halda müxtəlif hesablamalar və planların əsasında bu prqoqnozlar dayanır» - deyə Yevgeniy Kirin bildirib.
Bankir bildirib ki, bu ilin ilk yarısında Rusiya və Azərbaycanda ÜDM-nin azalması qeydə alınıb: «Dünyadakı vəziyyəti nəzərə alanda bu təəccüblü deyil, amma hazırda hər iki ölkədə tələbatın dirçəlməsi müşahidə olunur və belə vəziyyətdə hamının vəzifəsi bu prosesi davamlı və əsaslı etməkdir».