Yanvar ayında Türkiyədə inflyasiya avqust ayından bu yana aylıq müqayisədə ən yüksək səviyyədə olub.
Türkiyə Mərkəzi Bankının rəhbəri inflyasiya ilə mübarizə aparacağına söz verib
FED.az Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatına istinadən xəbər verir ki, (istehlak qiymətləri indeksi inflyasiya göstəricisi) yanvar ayında minimum əmək haqqı artımları və vergi tənzimləmələrinin təsiri ilə dekabr ayına nisbətən 6,70% artıb. Proqnoz 6,50% idi.
Yanvarda illik inflyasiya (2023-cü ilin yanvarı ilə müqayisədə) 64,86% təşkil edib.
Yanvar ayında illik baza inflyasiya 70,48% olaraq qeydə alınıb.
TÜİK-in məlumatlarına görə, ən yüksək aylıq qiymət artımı (dekabr ayı ilə müqayisədə yanvarda) 17,68% ilə səhiyyə qrupunda olub. Restoran və otellər üzrə qiymətlər 12,17%, müxtəlif mal və xidmətlər üzrə 10,25% artıb.
Yanvarda geyim və ayaqqabı qiymətlərində 1,61 faiz ucuzlaşma müşahidə olunub.
2023-cü ilin eyni yanvar ayına nisbətən 2024-cü ilin yanvar ayında ən az artım göstərən əsas qrup 40,62% ilə geyim və ayaqqabı olub. Digər tərəfdən, ən çox qiymət artımı qeydə alınan qrup 92,27% ilə restoran və otellər olub. (Marja)