Türkiyə Statistika Təşkilatı (TÜİK) yanvar ayı üzrə istehlakçı və istehsalçı qiymətləri indekslərini açıqlayıb.
Ərdoğan: "Faizləri daha da aşağı salacağıq"
FED.az Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatına istinadən xəbər verir ki, istehlak qiymətləri (inflyasiya göstəricisi) yanvar ayında 2022-ci ilin ilin eyni ayı ilə müqayisədə 57,68% artıb. İstehlak qiymətləri ötən ilin dekabr ayında 2021-ci ilin dekabr ayı ilə müqayisədə 64,27% artmışdı.
Yanvarda aylıq inflyasiya (ötən ilin dekabr ayı ilə müqayisədə) 6,65% olaraq açıqlanıb. Yanvar ayında aylıq inflyasiya son 9 ayda ən yüksək inflyasiya olub.
Bazar illik inflyasiyanın 53,7%; aylıq inflyasiyanın isə 3,8% olacağını gözləyirdi.
Digər tərəfdən, dekabr ayında istehsalçı qiymətlərindəki deflyasiyadan sonra aylıq müqayisədə yenidən inflyasiya qeydə alınıb. TÜİK-in məlumatına görə, istehsalçı qiymətləri indeksi aylıq 4,15% artıb. İllik müqayisədə istehsalçı qiymətləri indeksində 86,46% artım müşahidə olunub.
Baza inflyasiyası isə illik 52,97% olaraq qeydə alınıb. Dekabrda bu göstərici 51,93% təşkil etmişdi.
Yanvar ayında ən yüksək illik və aylıq artım səhiyyə xərclərində yaşanıb. Tibbi xidmətlərin qiymətləri aylıq 18,35%; illik 77,22% artıb.
Restoran və otellər qrupunda illik 75,13%; aylıq 12,73% artım qeydə alınıb.
Türkiyə Mərkəzi Bankı 2023-ci il üçün inflyasiya proqnozunu 22,3%, 2024-cü il üçün isə 8,8% səviyyəsində bəyan edib. (Marja)