Səudiyyə Ərəbistanının Limanlar Departamenti Süveyş kanalının bağlanması nəticəsində zərərə uğrayan gəmiçilik şirkətlərinə yardım göstərilməsi təşəbbüsü ilə çıxış edib.
Eləcə də bax: “Ever Given” Süveyş kanalını yenə - Bağladı
FED.az xəbər verir ki, krallığın Qırmızı dənizin sahilində yerləşən Ciddə limanında Süveyş kanalından gələcək gəmilərin yükünün boşaldılması üçün qoyulan müddət uzadılacaq. Qlobal logistika sektoruna və dəniz ticarətinə dəstək olmaq məqsədilə konteynerlərin limanda ödənişsiz qalması müddəti də 3 aya qədər artırılıb. Süveyş kanalında bazar ertəsi axşam saatlarında tam bərpa olunacaq naviqasiya Ciddə limanında yüklərin artmasına səbəb olacaq. Bunu nəzərə alaraq, Səudiyyə Ərəbistanı həmin limana əlavə işçi qüvvəsi və texnika cəlb etməyi planlaşdırır.
Səudiyyə Ərəbistanının Ciddə İslam Limanı Qırmızı dəniz sahillərində ən böyük limandır. Burada olan 62 seksiya 130 milyon ton yükboşaltma qabiliyyətinə malikdir. Liman rəhbərliyi Süveyş kanalında gecikməyə məruz qalan bütün gəmilərə tez bir vaxtda xidmət göstəriləcəyi təminatını verib. (Azərtac)