İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəhbər heyəti Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında iştirak edib. İclasda “Dövlət satınalmaları haqqında” yeni qanun layihəsi ilə bağlı müzakirələr aparılıb.
FED.az xəbər verir ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin yaydığı məlumatda bildirilir ki, Xidmət rəisi Məmməd Abbasbəyli yeni qanun layihəsi barədə məlumat verərək qanunun Azərbaycan Respublikasında dövlət satınalmalarının iqtisadi, hüquqi və təşkilati əsaslarını və qaydalarını müəyyən etdiyini söyləyib. Bildirilib ki, yeni qanunda dövlət satınalmalarının əsas prinsipləri, təchizatçıların satınalmalarda iştirakı, saxtakarlıq halları və onların aradan qaldırılması, məxfiliklə bağlı qaydalar müəyyənləşdirilir.
Qanun layihəsinin müvafiq maddələrində, həmçinin satınalmalara cəlb olunan vəzifəli şəxslərin davranış kodeksi, təchizatçılarla danışıqların və görüşlərin keçirilməsi, satınalan təşkilatla təchizatçıların bir-birinə göndərdikləri sənədlərin və məlumatların təqdim edilməsi formaları, dövlət satınalmalarına nəzarətin xüsusiyyətləri öz əksini tapıb.
Layihədə satınalmanın yalnız portal vasitəsilə həyata keçirilməsi, təkliflərin cəlb edilməsi barədə elanların portalda yerləşdirilməsi, məxfi məlumatlarla əlaqəli satınalmaların və bu satınalmalarla bağlı prosedurların kağız daşıyıcılarında həyata keçirilməsi nəzərdə tutulub.
Bundan əlavə, sənəddə satınalmaların planlaşdırılması və mərhələləri, satınalma komissiyasının formalaşdırılması və komissiyanın məsuliyyəti, təchizatçıların uyğunluq göstəriciləri, təkliflərin qiymətləndirilməsi, satınalmaya dair hesabatın hazırlanması və satınalma müqaviləsinə dair digər tələblər, o cümlədən satınalmanın dayandırılması şərtləri göstərilir.
Qarşılıqlı fikir mübadiləsi şəraitində baş tutan görüşdə yeni qanun layihəsi ilə bağlı iclas iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, müvafiq izahatlar verilib.
“Dövlət satınalmaları haqqında” yeni qanun layihəsi birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.