Azərbaycanda yerli onlayn ticarət platformaları anbarda mövcud olmayan məhsulları təklif edirlər.
Eləcə də bax: Nazirlik işçilərin maaşları ilə bağlı - SAHİBKARLARA VƏ ŞİRKƏTLƏRƏ MÜRACİƏT ETDİ
FED.az İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu barədə qurumda iri ticarət və xidmət sahələrinin nümayəndələri ilə keçirilmiş görüşdə məlumat verilib.
Bundan başqa, sahibkarlara bildirilib ki, onlayn ticarət zamanı istehlakçılarla sənədləşmə proseduru daha təkmil aparılmalıdır, müştərilər alqı-satqı və zəmanət şərtləri ilə tanış olduqdan sonra məhsulu əldə etməlidirlər.
Görüşdə həmçinin Dövlət Xidmətinə daxil olan istehlakçı müraciətləri müzakirə edilib. Qeyd olunub ki, şikayətlərin məzmunu fərqli olsa da, ümumi problem sahibkarların bu sahəyə olan yanaşması ilə əlaqədardır. Bunun üçün Dövlət Xidməti sahibkarlara fəaliyyətlərinin təkmilləşdirilməsi üçün kompleks tədbirlərin görülməsi ilə bağlı təkliflər verib. Bildirilib ki, istehlakçı müraciətlərinə operativ reaksiya vermək üçün bu sahədə məsul şəxslərin və reqlamentin müəyyən olunması, çağrı mərkəzlərinin fəaliyyətində effektivliyin artırılması vacib şərtlərdəndir. Bununla yanaşı, servis mərkəzlərində nasaz məhsula dair istehlakçıya təqdim edilən sənəddə rəy verən mütəxəssis və yoxlama üsulu haqqında ətraflı məlumat əks olunmalıdır.
Görüşdə Dövlət Xidmətinin fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verilib, istehlakçı məmnuniyyətinə nail olunması barədə fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.