2022-ci il yanvarın 1-dən minimum əməkhaqqının 300 manata çatdırılması ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Xidmət işəgötürənlərin nəzərinə çatdırır ki, 2022-ci il yanvarın 1-ə qədər minimum əməkhaqqından aşağı əməkhaqqı qeyd edilmiş əmək müqavilələrinə qanunvericiliyin tələblərinə uyğun olaraq dəyişiklik edilməsi və bununla bağlı müvafiq əmək müqaviləsi bildirişinin “Əmək müqaviləsi bildirişi” altsisteminə daxil edilməsi təmin edilməlidir.
Bildirilir ki, iş yerlərində əmək haqqının minimum məbləği yanvarın 1-dən 300 manatdan az ola bilməz.
Nazirliyin “Əmək müqaviləsi bildirişi” altsistemi vasitəsilə bu sahədə vəziyyətə daimi nəzarət olunur. Bağlanmış əmək müqavilələri, eləcə də müqavilələrə dəyişiklik edilməsi və ya xitam verilməsi barədə bütün məlumatlar həmin altsistemdə əhatə olunub. Bu altsistem iş yerlərində bağlanmış əmək müqavilələri üzrə müəyyən edilmiş bütün əməkhaqları üzrə məlumatları real vaxt rejimində izləməyə imkan verir.
Minimum əməkhaqqının artırılması ilə əlaqədar 19 pillədən ibarət Vahid Tarif Cədvəli üzrə əmək haqları ödənilən işçilərin əmək haqlarında da işəgötürənlər tərəfindən müvafiq artımlar edilməli, bununla bağlı müvafiq tədbirlər görülməlidir.
İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsində işçiyə minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə görə - vəzifəli şəxslərin min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.
Minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsi aşkar edildikdə, həmin Məcəllənin 127-4.1-ci maddəsinə uyğun olaraq inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində inzibati xəta haqqında iş üzrə icraata başlanılacaq.