Rəqabət Məcəlləsinin tətbiqi müxtəlif sektor və bazarlarda səmərəli tənzimləmələrin aparılması imkanlarını genişləndirəcək.
"Rəqabət Məcəlləsindəki istisnalar iqtisadiyyatın inklüziv inkişafını stimullaşdırmağa xidmət edəcək"
FED.az xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Anar Axundov Bakıda keçirilən I Milli Rəqabət Forumunda deyib.
O bildirib ki, nəticədə sahibkarlar üçün həmin bazarlarda əlverişli işgüzar mühit formalaşacaq. Rəqabətin təmin olunması ilə birlikdə investisiya cəlbediciliyinin artmasından irəli gələn yeni sərmayə qoyuluşları son nəticədə yeni istehsal müəssisələrinin yaradılması, iş yerlərinin açılması və əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə əhəmiyyətli töhfə verəcək.
"Rəqabət Məcəlləsi kiçik və orta biznes subyektlərinin inkişafının təmin edilməsi, onların bazara girişinin asanlaşdırılması üçün geniş tənzimləmə mexanizmlərini əhatə edir. Yeni rəqabət siyasətinin dinamik, inklüziv və dayanıqlı iqtisadi artımı dəstəkləməsi azad edilmiş ərazilərimizin dirçəldilməsinə də əlavə imkanlar açacaq, bazar iştirakçılarının sayı çoxalacaq, yerli təsərrüfat subyektlərinin rəqabətqabiliyyətliliyi yüksələcək, innovasiya fəaliyyətinin, özəl sektorda rəqəmsallaşmanın tətbiqi genişlənəcək", - deyə A.Axundov diqqətə çatdırıb. (Azərtac)