“Keyfiyyət infrastrukturunun inkişafının təmin edilməsi ilk növbədə rəqabətə öz təsirini göstərir”.
“Azərbaycanın rəqabətliliyə davamlılığı artırılacaq”
FED.az xəbər verir ki, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli Milli Metrologiya Forumunda deyib.
O bildirib ki, bazarda məhsul və xidmətlər üzrə rəqabətin əsas ölçü vahidinin qiymət deyil, qiymətlə keyfiyyətin mütənasibliyi istehlakçıları daha keyfiyyətli, müxtəlif çeşidlərdə və innovativ məhsullarla təmin etmə imkanı yaradır, iqtisadi səmərəliliyin artırılmasına müsbət təsir göstərir.
““Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in reallaşdırılması istiqamətində ölkəmizdə iqtisadiyyatın davamlı və rəqabətqabiliyyətli inkişafı sahəsində uzunmüddətli və sistemli fəaliyyət həyata keçirilir. Bu prosesdə keyfiyyət sahəsinin tənzimlənməsi və inkişafı da mühüm rol oynayır. Hazırda keyfiyyət infrastrukturu istehsalçıların, sahibkarların, ümumiyyətlə əhalinin ehtiyaclarının və tələblərinin təmin edilməsində həlledici faktora çevrilib, bu sahəyə aid olan texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi alətlərindən istifadənin sürətlə genişləndiyini qeyd edə bilərik. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin əsas məqsədi güclü və dayanıqlı rəqabət mühiti formalaşdıraraq sahibkar-istehlakçı münasibətlərini tənzimləmək, əhaliyə keyfiyyətli məhsul və xidmətlərin təqdim olunmasını təmin etmək, inhisarçılığın qarşısını almaq və fəaliyyət istiqamətləri üzrə şəffaflığı və operativliyi təmin etməklə ölkə iqtisadiyyatının gücləndirilməsidir. Xidmətin fəaliyyət istiqamətlərinə metroloji nəzarət daxildir. Dövlət metroloji nəzarətin əsas məqsədi iqtisadiyyatın müxtəlif sektorlarında aparılan ölçmələrin qeyri-dəqiq nəticələrinin insanların həyatı və sağlamlığına, dövlətin iqtisadi maraqlarına təhlükə ehtimallarının minimuma endirilməsindən ibarətdir”, - deyə M.Abbasbəyli vurğulayıb. (Azərtac)