Rusiya prezidenti Vladimir Putin taxıl dəhlizi ilə bağlı sərt tənqid ilə çıxış edib.
Eləcə də bax: Putinin çıxışından sonra buğdanın - QİYMƏTİ QALXDI
FED.az xəbər verir ki, Putin taxıl dəhlizi müqaviləsi çərçivəsində daşınan yüklərin böyük hissəsinin Avropaya getdiyini, buna görə də aşağı gəlirli ölkələrin müqavilədən faydalanmadığını bildirib.
Şərq İqtisadi Forumunda çıxış edən Putin 80 gəmidən yalnız ikisinin aşağı gəlirli ölkələrə getdiyini və buna görə də sövdələşmənin inkişaf etməkdə olan ölkələr üçün “fırıldaq” kimi olduğunu bildirib.
Taxıl müqaviləsini təmin etmək üçün əllərindən gələni etdiklərini, müqavilə şərtlərinə sadiq qaldıqlarını ifadə edən Putin, “Bütün bunlara baxmayaraq Rusiya aldandı” deyib.
"Gördüklərimiz başqa bir həyasızcasına saxtakarlıqdır. Bu, bizimlə bağlı deyil, bu, beynəlxalq ictimaiyyətin aldadılması, Afrikadakı, ərzağa ciddi ehtiyacı olan digər ölkələrdəki tərəfdaşların aldadılmasıdır, bu, sadəcə olaraq bir dələduzluq, alçaq və həyasızlıqdır”, - Putin əlavə edib.
Putin, "Aralıq dayanacaq olan Türkiyə istisna olmaqla, Ukraynadan ixrac edilən taxılın demək olar ki, hamısı aşağı gəlirli ölkələrə deyil, Avropa Birliyinə göndərilir. Aşağı gəlirli ölkələr ərzaq almaq imkanlarını itiriblər", - deyə Putin əlavə edib.
Putin, Türkiyə Prezidenti Tayyib Ərdoğanla məhsulların təyinat məntəqələrinin məhdudlaşdırılmasını müzakirə edəcəyini bildirib.
Bildirilib ki, Putin Ərdoğan ilə taxıl sazişini gələn həftə Özbəkistanda keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının sammitində müzakirə edə bilər.
Putin həmçinin qlobal ərzaq bazarında problemlərin arta biləcəyini və humanitar fəlakətin yaxınlaşdığını dilə gətirib.
Ukrayna Birləşmiş Millətlər Təşkilatı və Türkiyənin vasitəçiliyi ilə yaradılan dəhlizlə daşımaları bərpa edib və ötən ay 1,5 milyon ton ərzaq ixrac edib.
Müqavilənin müddəti noyabrda başa çatır. (Marja)