“Azərbaycanın 5 aylıq iqtisadi göstəriciləri açıqlanıb. Koronavirus pandemiyası ilə bağlı məhdudiyyətlərə baxmayaraq, azalan göstəricilərlə yanaşı, artan göstəricilər də mövcuddur”.
Eləcə də bax: Komitə sədrindən dövlət büdcəsi ilə bağlı - YENİ TƏKLİFLƏR
FED.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.
"Sənaye istehsalının 0,4%, o cümlədən qeyri-neft sənayesi istehsalının 14%, eləcə də kənd təsərrüfatı istehsalının 3,6%, o cümlədən bitkiçilikdə məhsul istehsalının 5,3%, heyvandarlıqda məhsul istehsalının 3,2%, həmçinin dövlət büdcəsi gəlirlərinin 17% artması, illik inflyasiyanın 2,9%-ə düşməsi indiki çətin şəraitdə mühüm nailiyyətlərdir. Ümumi daxili məhsulun (ÜDM) 1,7%, o cümlədən qeyri-neft-qaz ÜDM-nin 2,1% azalması isə pandemiyanın gözlənilən təsirlərinin nəticəsidir", - o qeyd edib.
"Əslində koronavirusun iqtisadi təsirləri bütün dünyada müşahidə edilir. Əsas məsələ bu təsirlərin ÜDM-in həcmində və dinamikasında özünü necə göstərməsidir. Məsələn, Dünya Bankının bir neçə gün bundan əvvəl açıqladığı "Global Economic Prospects" hesabatında bu il Azərbaycanda ÜDM-in 2,6% azalacağı bildirilir. Halbuki azalmaya dair proqnoz göstəricisi Rusiyada 6%, Gürcüstanda 4,8%, Qazaxıstanda 3%, Türkiyədə isə 3,8%-dir. İstənilən halda bu ilin 5 ayının nəticələrinə görə, Azərbaycanda iqtisadiyyatın artımını, əhalinin məşğulluğunu təmin edən mənbələrdə - qeyri-neft sənayesi və kənd təsərrüfatı istehsalında mühüm irəliləyişlər var və bunlar dövlətin gördüyü tədbirlərin effektiv olmasını göstərir. Beynəlxalq bazar konyunkturasından asılı olan sahələrdə (neft-qaz, nəqliyyat-logistika və s.) azalmaların olması təbii və gözləniləndir”, - T.Mirkişili vurğulayıb.
Onun sözlərinə görə, büdcə gəlirlərinin artması və proqnozu üstələməsi əhalinin maddi rifah halına daha çox təsir edən sosial xərclərin icrası üçün mühüm maliyyə zəmini yaratmaqdadır: “Bu ilin büdcəsinin də ən böyük hissəsi (40%-ə yaxın) sosial xərclərdir. İnflyasiyanın minimum həddə olması və orta aylıq əməkhaqqının artması da mühüm sosial-iqtisadi nəticədir. İqtisadiyyatın ən çox islahatlara məruz qalan sahələrində indiki şəraitdə belə artımın qeydə alınması, ÜDM-də azalma tempinin az olması onu deməyə imkan verir ki, Azərbaycanın pandemiya böhranından minimum itkilərlə çıxmağa iqtisadi imkanları mövcuddur”. (Report)