Milli Məclisin növbədənkənar sessiyasının iyunun 5-də keçirilən növbəti iclasında deputatlar ölkə həyatının müxtəlif sahələrində baş verən hadisələr, koronavirus pandemiyası ilə mübarizə sahəsində dövlət və parlament tərəfindən həyata keçirilən tədbirlər barədə fikirlərini səsləndiriblər.
FED.az xəbər verir ki, iclasda “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi birinci oxunuşda təqdim olunub.
Qanun layihəsinin müzakirəsi zamanı deputatlar müxtəlif təkliflərlə çıxış ediblər.
Maraqlı təkliflərlə çıxış edən millət vəkillərindən biri də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarliq komitəsinin sədri Tahir Mirkişili olub.
Eləcə də bax: Maliyyə naziri: «Büdcədə neftin qiyməti heç yerdə təsdiq edilməyib» - MÜSAHİBƏ
FED.az xəbər verir ki, komitə sədri Hökumət üzvlərinə müraciət edərək, gündəmə gətirdiyi təkliflərə diqqət yetirilməsini xahiş edib.
T.Mirkişili bildirib ki, dövlət büdcəsinin təməli onun düzgün proqnozlaşdırılmasından çox asılıdır. Proqnozlaşdırılmada isə yeni qaydalara müvafiq olaraq təşkilatların sektor strateji planlarına ciddi önəm verilməsi vacib amillərdəndir.
"Belə ki, Azərbaycan Respublikasi Nazirlər Kabinetinin müvafiq qərarı ilə “Azərbaycan Respublikasında büdcə təşkilatlarının sektor strateji planlarının hazırlanması Qaydası” təsdiq edilmişdir. Hər bir büdcə təşkilatı öz sektor strateji planlarının keyfiyyətinin və səmərəliliyinin artırılmasına ciddi önəm verməlidirlər.
Bu planların strateji təhlili aparılmaqla, sektorun mövcud inkişaf səviyyəsi və bu sektorun fəaliyyətinə təsir edən amillər nəzərə alınmaqla hazırlanması ön planda durmalıdır.
Hesabatdan görünür ki, 2019-cu ilin dövlət büdcəsində əməyin ödənişi xərci üzrə 82 milyon manat qənaət yaranmışdır. Bu, əsasən büdcə təşkilatlarında olan vakant vəzifələrin vaxtında doldurulmaması ilə bağlıdır.
Hesab edirəm ki, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda vakant yerlərə işçilərin götürülməsi üçün dövlət qulluğuna qəbulla bağlı qaydalarda mövcud olan prosedurlar sadələşdirilməli, təşkilatların rəhbərlərinə bu sahədə bəzi sərbəstliklər verilməlidir.
Postpandemiya dövründə texnologiyaların və məlumat bazalarının rəqabət üztünlüyü yaradan əsas amil olacağını nəzərə alaraq həm iqtisadiyyatda, həm də idarəetmədə mərkəzləşmiş vahid texnoloji platformaların yaradılmasına, rəqəmsal iqtisadiyyatın inkişafına xüsusi diqqət yetirilməlidir.
Kənd təsərrüfatı sahəsində həyata keçirilən islahat tədbirlərinin tərkibi kimi Azərbaycana xas olan kənd təsərrüfatı sahələri üzrə toxumçuluğun inkişafı üçün xüsusi dövlət dəstəyinin yaradılması və yeni stimullaşdırıcı mexanizmlərin tətbiqini vacib hesab edirik.
Qeyri-qanuni olaraq kənd təsərrüfatı təyinatlı torpaqların təyinatının dəyişdirilməsinə və yaxud onlardan istifadə etməyənlərə qarşı mübarizənin daha da sərtləşdirilməsi çox vacibdir. Həmin torpaqların dövriyyəyə daxil edilməsi ümumi daxili məhsulun formalaşdırılmasında əhəmiyyətli rol oynayan kənd təsərrüfatının payının və xüsusi çəkisinin daha da artmasına zəmin yaradardı”,-deyə Tahir Mirkişili bildirib. (Modern)