İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Dünya Bankının “Avropa və Mərkəzi Asiya Regionunda (ECA) yaşıl dövlət satınalmalarının (GPP) tətbiq edilməsi” təşəbbüsü çərçivəsində fəaliyyət göstərən "Impacti Solutions" təşkilatının birgə təşkilatçılığı ilə seminar keçirilib.
Asiya Bankı dayanıqlı satınalmaları dəstəkləmək üçün Azərbaycanla məsləhətləşmələr aparır
FED.az xəbər verir ki, Dövlət Xidmətinin məlumatına görə, "Yaşıl dövlət satınalmaları: Azərbaycanın yaşıl inkişaf strategiyasının aparıcı qüvvəsi" mövzusunda baş tutan seminara ölkədə satınalmaların planlaşdırılması, həyata keçirilməsi və monitorinqi ilə məşğul olan dövlət qurumlarının nümayəndələri ilə yanaşı, dövlət satınalmalarında iştirak edən sahibkarlıq subyektləri də qatılıb.
Seminarın keçirilməsində əsas məqsəd iştirakçılara yaşıl dövlət satınalmalarının əsas elementləri və ümumilikdə yaşıl satınalma konsepsiyaları haqqında ətraflı məlumat vermək, bu sahədə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla Azərbaycanda mövcud satınalma proseslərinin yaşıl dövlət satınalmaları prinsiplərinə inteqrasiyasını gücləndirməkdir.
Tədbirin açılış nitqini Dövlət Xidmətinin rəis müavini Cəfər Babayev və Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Ştefani Ştalmeyster ediblər. Daha sonra Dövlət Xidmətinin Dövlət satınalmalarına nəzarət şöbəsinin müdiri Əhməd Həsənov, Dünya Bankının eksperti Günel Səfərəliyeva və "Impacti Solutions" təşkilatının eksperti Olena Maslyukivska müvafiq olaraq dövlət satınalmaları sahəsində qanunvericiliyin tələbləri və yaşıl dövlət satınalmaları ilə bağlı təqdimatla çıxış ediblər.
Dövlət Xidmətinin rəis müavini Cəfər Babayev hazırda dünyanın 130-a yaxın ölkəsində yaşıl dövlət satınalmaları konsepsiyası və layihələrinin uğurla tətbiq olunduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, yaşıl dövlət satınalmalarının mövcud qanunvericiliyə inteqrasiyası, bu istiqamətdə ictimai məlumatlandırma strategiyasının hazırlanması, müvafiq maarifləndirmə tədbirlərinin aparılması planlaşdırılır.
İnteraktiv formada təşkil olunmuş tədbirdə ölkəmizdə yaşıl dövlət satınalmalarının həyata keçirilməsi üçün potensial imkanlar, cari vəziyyətin qiymətləndirilməsində mövcud alətlər müzakirə olunub, beynəlxalq təcrübədən nümunələr üzərində araşdırmalar aparılaraq praktiki tapşırıqlar yerinə yetirilib.
Tədbirin yekununda 2024-2027-ci illər üçün Azərbaycanda yaşıl dövlət satınalmaları sahəsinin inkişafı məqsədilə əsas prioritetlərin hazırlanması istiqamətində birgə fəaliyyət məsələləri müzakirə edilib.