FED.az biznes portalı İqtisadiyyat nazirinin müavini, maliyyə dəstəyi çərçivəsində qurumlararası məsələlərin əlaqələndirilməsi üzrə işçi qrupun rəhbəri Sahib Ələkbərovun “Report”a müsahibəsini təqdim edir:
Eləcə də bax: “Pandemiya böhranından minimum itki ilə çıxmağa iqtisadi imkanımız var”
- Sahib müəllim, artıq 2 aya yaxındır ki, koronavirus pandemiyasından zərər çəkən sahibkarlıq subyektlərinə və fərdi (mikro) sahibkarlara dövlət tərəfindən maliyyə dəstəyi göstərilir. İstərdik ki, bu istiqamətdə görülən işlər barədə məlumat verəsiniz.
- Sualınızın cavabına keçməzdən əvvəl qeyd etmək istərdim ki, 2020-ci il Azərbaycan iqtisadiyyatı üçün uğurlu başlasa da, koronavirus (COVİD-19) pandemiyasının yayılması dünya iqtisadiyyatı, o cümlədən bizim iqtisadiyyatımız üçün də ciddi təhdidlər yaratdı. Yeni yaranmış vəziyyət, insanların sağlamlığının qorunması məqsədilə iqtisadi fəəllığın məcburi məhdudlaşdırılması təkcə iqtisadi əlaqələr zəncirinin qırılmasına deyil, eyni zamanda daxili istehsal, iş və xidmət sahələrində ciddi problemlərə səbəb oldu, biznesə, xüsusilə də kiçik və orta sahibkarlığa böyük zərbə dəydi. Bu da özünü daha çox iqtisadi fəallığın zəifləməsində, gəlirlərin azalmasında, biznesin ciddi maliyyə itkiləri və iş yerlərinin bağlanma təhlükəsi ilə qarşılaşmasında göstərdi.
Koronavirus pandemiyasının milli iqtisadiyyata, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirlərinin azaldılması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev elə ilk günlərdən dövlət orqanları qarşısında çox ciddi vəzifələr qoydu. Ölkə başçısının 19 mart 2020-ci il tarixli məlum sərəncamı və həmin sərəncamın icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən qəbul edilmiş Tədbirlər Planına uyğun olaraq, iqtisadiyyata geniş dəstək paketini nəzərdə tutan proqramlar, çoxşaxəli, çoxstrukturlu, biznesin qısa və orta müddətdə dəstəklənməsini əhatə edən mühüm sənədlər qəbul edildi. Bu dəstək tədbirlərindən ikisi sahibkarlıq subyektlərinə birbaşa maliyyə dəstəyinin göstərilməsi ilə bağlıdır.
Məlumdur ki, pandemiyadan, demək olar ki, zərər çəkməyən yoxdur, amma hamıya maliyyə dəstəyinin göstərilməsi də əksər ölkələrin imkanları xaricindədir. Ona görə də maliyyə dəstəyinin kimlərə göstəriləcəyini müəyyən etmək üçün dəqiq, çoxluq tərəfindən başa düşülən və qəbul olunan meyarlar müəyyənləşdirildi. Dəstəyin ilk növbədə qeyri-neft-qaz sektorunun özəl bölməsində şəffaf şəkildə fəaliyyət göstərən, muzdlu işçilərin ixtisar edilməsinə yol verməyən, 2019-cu ildə dövlətin müəyyən etdiyi vergiləri ödəmiş sahibkarlara göstərilməsi və bu işin iki istiqamətdə aparılması qərara alındı:
1. Qeyri-neft-qaz sektorunun özəl, siyahısı Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş, pandemiya ilə bağlı fəaliyyəti məhdudlaşdırılmış sahibkarların aprel ayının 1-i vəziyyətinə əmək müqaviləsi olan muzdlu işçilərinin iki aylıq əmək haqlarının 50 faizinin aprel və may aylarında iki hissəyə bölünməklə ödənilməsi. Bu zaman minimum məbləğ 250 manat, maksimum məbləğ isə 2020-ci ilin yanvar ayındakı orta aylıq əməkhaqqının məbləği, yəni 712 manat götürüldü və qərara alındı ki, 712 manata qədər əməkhaqqı alan muzdlu işçilərə onların faktiki aldıqları əməkhaqqı məbləğində, aylıq əməkhaqqı 712 manatdan çox olanlara isə 712 manat məbləğində maliyyə dəstəyi göstərilsin. Bu məbləğ hesablanarkən sahibkarların mövcud qanunvericiliyə uyğun olaraq ödəməli olduqları sosial sığorta haqlarının məbləğləri də onların hesablarına köçürüldü ki, həmin sahibkarlara əlavə maliyyə yükü yaranmasın.
2. Fərdi (mikro) sahibkarlara, yəni illik dövriyyəsi 200 min manatdan az, işçi sayı 10 nəfərədək olan sahibkarlara birbaşa maliyyə dəstəyinin göstərilməsi və əlavə olaraq onların da muzdlu işçilərinin əmək haqlarının 1-ci bənddə göstərilən qaydada ödənilməsi. Burada da yuxarıda göstərilən tələblərə əməl olunmaq şərti ilə konkret meyarlar müəyyən edildi. Göstərilən maliyyə dəstəyinin məbləği minimum 250 manat, maksimum 5 000 manat olmaqla, sahibkarın 2019-cu ildə dövlət büdcəsinə ödədiyi vergilərin məbləğindən asılı olaraq müəyyən edildi.
Bu proseslərə insan müdaxiləsini istisna etmək, məbləğlərin avtomatik olaraq, proqram təminatı vasitəsilə hesablanmasını təmin etmək üçün zəruri tədbirlər görüldü.
Bu günə, yəni 16 iyun 2020-ci il tarixinə əmək ödənişləri ilə bağlı dəstək proqramı üzrə 28 482 vergi ödəyicisi tərəfindən 259 947 muzdlu işçinin əməkhaqqının ödənilməsi üçün müraciət edilib və həmin müraciətlər üzrə onlara artıq 91 027,2 min manat məbləğində maliyyə dəstəyi göstərilib. Fərdi (mikro) sahibkarlara dəstək proqramı üzrə isə 115 711 vergi ödəyicisindən müraciət daxil olub, həmin müraciətlər üzrə göstərilmiş maliyyə dəstəyinin məbləği 61,88 mln manat təşkil edib. Ümumilikdə, bu günə kimi proqram çərçivəsində dövlətin maliyyə dəstəyi ilə əhatə olunmuş şəxslərin sayı 307 mindən çoxdur və proses davam edir.
Diqqətəlayiq haldır ki, yuxarıda qeyd edilənlər də daxil olmaqla, görülmüş kompleks tədbirlər nəticəsində qeyri-neft-qaz sektorunun özəl bölməsində çoxlu sayda iş yerlərinin ixtisar olunmasının qarşısı alınıb. 1 iyun 2020-ci il tarixinə rəsmi qeydiyyata alınmış əmək müqavilələrinin ümumi sayı pandemiyadan əvvəlki - 1 mart 2020-ci il tarixinə olan müqavilə sayına nisbətən nəinki azalmayıb, hətta 70 294-ə qə qədər artıb ki, bunun da əsas səbələrindən biri dövlət tərəfindən maliyyə dəstəyi göstərilməsi üçün işçilərin ixtisarına yol verilməməsinin əsas şərtlərdən biri olmasıdır.
-Prosesin şəffaflığının təmin olunması üçün hansı işlər görülüb?
-Maliyyə dəstəyi proqramının icrasına başlayarkən bizim qarşımızda qoyulan əsas vəzifələrdən biri də prosesin tam açıq və şəffaf şəkildə təşkil olunması idi. İlkin olaraq, İqtisadiyyat nazirinin əmri ilə metodiki göstərişlər və qaydalar təsdiq olundu, bu barədə ətraflı məlumatlar, yarana biləcək mümkün suallar və onların cavabları, müraciətlərin edilməsi üçün videotəlimatlar hazırlanaraq nazirliyin və Dövlət Vergi Xidmətinin rəsmi saytlarında yerləşdirildi, sosial şəbəkələrdə paylaşıldı. KİV-lərdə maliyyə dəstəyi göstərilməsi ilə bağlı geniş təbliğat aparıldı, sahibkarların şəxsi elektron kabinetlərinə bildirişlər, mobil telefonlarına SMS-lər göndərildi.
Daha bir mühüm məsələ müraciətlərə operativ baxılmasının təmin olunması ilə bağlı idi. Biz çalışdıq ki, vergi ödəyicisinin müraciətinin qəbul edildiyi gündən maliyyə vəsaitinin onun bank hesabına keçirilməsinə qədər olan vaxt 4-5 gündən çox olmasın. Bu müddət müraciətlərin qəbul edildiyi gün vergi ödəyicisinin uçotda olduğu yerli vergi orqanına göndərilməsi, araşdırılıb lazımi dəqiqləşdirmələr aparıldıqdan sonra nazirlikdə təsdiqlənməsi, siyahıların Maliyyə Nazirliyinə təqdim olunması və vəsaitin dövlət xəzinədarlığı tərəfindən sahibkarların bank hesabına köçürülməsinə qədər olan dövrü əhatə edir. Maliyyə dəstəyi bütün sahibkarlara yalnız nağdsiz şəkildə, vəsaitin onların bank hesablarına köçürülməsi yolu ilə həyata keçirilir.
Maliyyə dəstəyi almış vergi ödəyicilərinin siyahısı hər gün yenilənməklə İqtisadiyyat Nazirliyinin və Dövlət Vergi Xidmətinin rəsmi internet saytlarında yerləşdirilir və bu yolla ictimai nəzarət də təmin olunur. Belə ki, hər bir işçi öz işəgötürəninin maliyyə dəstəyi alıb-almadığını görmək imkanına malik olur. İlkin ödənişdən 30 gün sonra, aprel ayı ərzində işçi sayının azaldılmasına yol verməmiş və işçilərinə aprel ayının əmək haqlarını vaxtında və tam həcmdə ödəmiş sahibkarlara ikinci tranş üzrə ödənişlər avtomatik olaraq, yenidən müraciət edilmədən həyata keçirilir. Bu sahədə problemi olan sahibkarlara isə ikinci tranş üzrə ödənişlər yalnız mövcüd problemlər aradan qaldırılqdan sonra aparılır. Fərdi sahibkarlar da hər gün yenilənən bu siyahılar vasitəsilə maliyyə vəsaitinin onun bank hesabına köçürülməsinə nəzarət edə bilirlər.
Bu istiqamətdə görülən mühüm işlərdən biri də maliyyə dəstəyi ilə bağlı şikayətlərə baxılması və vaxtında müvafiq tədbirlərin görülməsidir.
-Müraciəti təmin edilməmiş sahibkarların şikayətlərinə necə baxılıb?
-Maliyyə dəstəyi almaqla bağlı müraciətlərə vaxtında və obyektiv baxılmasını təmin etmək, mümkün ola biləcək narazılıqların qarşısını əvvəlcədən almaq məqsədilə vergi orqanlarına daxil olmuş bütün müraciətlər İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Aparatında ətraflı təhlil edilir.
Ümumilikdə maliyyə dəstəyi almaq üçün aprel-may ayları ərzində müraciət etmiş vergi ödəyicilərindən 91,8 faizinin müraciəti məqbul hesab olunub, 7 faizinə maliyyə dəstəyi göstərilməsindən imtina edilib, 1,2 faizinin müraciətlərinin araşdırılması davam etdirilir.
Həmin müddət ərzində bu məsələ ilə əlaqədar ortaya çıxan suallarla bağlı vergi orqanlarına cəmi 5,045 müraciət, o cümlədən fərdi (mikro) sahibkarlardan 3,426, muzdlu işçiləri olan sahibkarlardan və muzdlu işçilərin özlərindən isə 1,619 müraciət daxil olub ki, bu da maliyyə dəstəyi almaq üçün müraciət etmiş sahibkarların ümumi sayının cəmi 3,5 faizini təşkil edir.
Müraciətlər daha çox maliyyə dəstəyinin göstərilməsi barədə şəxsi elektron kabinetdən müvafiq ərizə ilə yox, vergi orqanına yazılı məktub göndərilməsi, vergi ödəyicisinin borcu olduğu üçün banklarda hesab aça bilməməsi, fəaliyyət sahəsinin (fəaliyyət kodunun) pandemiyadan zərər çəkmiş sahələrin siyahısına əlavə edilməsi, maliyyə dəstəyinin göstərilməsi qaydaları və mexanizmi, ləğv olunmuş 4 bankda və digər banklardakı bank hesabları ilə bağlı problemlər və digər məsələlərlə əlaqədar olub. Bütün müraciətlərə diqqətlə yanaşılaraq vergi ödəyicilərinə lazımi köməklik göstərilib, yaxud qanunamüvafiq izahatlar verilib.
-Sahib müəllim, qeyd etdiniz ki, aprel-may ayları ərzində bəzi sahibkarlara maliyyə dəstəyi göstərilməsindən imtina olunub. Bu cür hallar əsasən nə ilə bağlıdır?
- Maliyyə dəstəyi almaq üçün aprel-may ayları ərzində müraciət etmiş sahibkarların cəmi 7 faizinin müraciəti məqbul hesab edilməyib. Əmək müqaviləsi ilə çalışan muzdlu işçilərə münasibətdə bu hallar əsasən vergi ödəyicisinin fəaliyyət sahəsinin pandemiyadan zərər çəkmiş sahəyə aid edilməməsi, fəaliyyət sahəsinin təsərrüfat subyekti (obyekti) olmasını tələb etməsinə baxmayaraq, uçotda təsərrüfat subyektinin (obyektinin) olmaması, müraciət tarixinə vergi ödəyicilərinin işçi saylarında ciddi azalmaların olması, vergi ödəyicisinin fəaliyyətinin mart ayından əvvəl rəsmi qaydada öz ərizələrinə əsasən dayandırılması və sair ilə bağlıdır.
Fərdi (mikro) sahibkarlara gəlincə, daha çox rast gəlinən hallar bir sıra vergi ödəyicilərinin formal olaraq fərdi sahibkar kimi xidməti müqavilə əsasında işləsə də, faktiki fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaması, yaxud fəaliyyət növünün həvəsləndirici oyunların keçirilməsi (Topaz), xüsusi notarius kimi fəaliyyət göstərməsi, habelə mikro sahibkarlıq subyekti olmaması (illlik dövriyyəsinin 200 min manatdan çox) ilə əlaqədardır.
Burada bir məsələni də qeyd etmək yerinə düşər ki, maliyyə dəstəyi göstərilməsindən imtina halları ilə yanaşı, biz xeyli sayda maliyyə dəstəyi almaqdan imtina halları ilə də qarşılaşdıq. May ayının əvvələrindən etibarən maliyyə dəstəyi almaq üçün müraciət etməyə haqqı olan, lakin müraciət etməmiş sahibkarları bu dəstəkdən yararlanmağa dəvət edərkən, bir sıra sahibkarlar yaranmış şəraitdə dövlətdən maliyyə dəstəyi almağı özləri üçün məqbul hesab etmədiklərini bildirərək, həmin vəsaitin daha çox ehtiyacı olanlara verilməsini təklif etdilər. Bəzi kiçik sahibkarlar nazirliyə zəng edərək, hətta karantin dövrü olmasına baxmayaraq qəbula gələrək, onların hesabına vəsait daxil olduğunu bildirərək, bunun nə ilə əlaqədar olduğunu araşdırmaqda onlara kömək göstərilməsini xahiş ediblər. Araşdırmalar nəticəsində məlum olub ki, həqiqətən də bu şəxslərin hesablarına daxil olmuş vəsaitlər barədə məlumatları yoxdur, maliyyə dəstəyi almaq üçün müraciət onların maliyyə sənədlərini aparan vergi agentləri, yaxud digər şəxslər tərəfindən edilib və qanuni olduğu üçün qəbul edilib. Həmin sahibkarlar hesablarına daxil olmuş vəsaitdən imtina edərək, onu koronavirusla mübarizə fonduna köçürmüşlər.
Maliyyə dəstəyi göstərilərkən qarşılaşdığımız bir sıra problemlər, bəzən haqlı-haqsız, təkidlə maliyyə dəstəyindən yararlanmağa cəhd göstərmək halları ilə yanaşı, bu kimi faktların da mövcudluğu vətəndaş mövqeyini ortaya qoyan, ümumi maraqları öz şəxsi maraqlarından üstün tutan müasir Azərbaycan sahibkarlığının formalaşmasının göstəricisi kimi qəbul oluna bilər və biz belə sahibkarlarımıza təşəkkürümüzü bildiririk.
-Sahib müəllim, bəs maliyyə dəstəyinin göstərilməsi nə vaxta qədər davam edəcək və bundan sonra görüləcək işlər barədə nə deyə bilərsiniz?
-Biz hadisələrin gedişatını mütəmadi izləyirik və maliyyə dəstəyi almaqla bağlı daxil olan müraciətlərin sayının azalması göstərir ki, mövcud şərtlər əsasında aparılan bu proses artıq başa çatmaq üzrədir. Bir sıra sahibkarlarımızdan maliyyə dəstəyi göstərilənlərin əhatə dairəsinin genişləndirilməsi ilə bağlı daxil olmuş çoxsaylı müraciətləri nəzərə alaraq, biz aidiyyəti dövlət orqanlarına müraciət etmişik və alacağımız cavablardan asılı olaraq, bundan sonrakı fəaliyyətimizi tənzimləyəcəyik. Onlardan biri - dövlət orqanlarının tabeliyində olan tam təsərrüfat hesablı müəssisələrin muzdlu işçilərinin əmək haqlarının bir hissəsinin bu layihə çərçivəsində ödənilməsinin mümkünlüyü barədə artıq Nazirlər Kabinetindən cavab almışıq və bu istiqamətdə fəaliyyətə başlamışıq. Bu işlər də başa çatdırıldıqdan sonra, cari ilin iyul ayının 1-dən etibarən maliyyə dəstəyi almaq üçün yeni müraciətlərin qəbulunun dayandırılması məsələsinə baxılacağı gözlənilir.
-Vaxt ayırıb suallarımızı cavablandırdığınız üçün minnətdarlığımızı bildiririk!
-Mən də Sizə təşəkkür edirəm! Qeyd etmək istərdim ki, xalqımız öz tarixi boyu çox sınaqlardan alnıaçıq, üzüağ çıxıb. Əminəm ki, ölkə rəhbərliyinin vaxtında qəbul etdiyi adekvat qərarların icrasını təmin edərək, biz bu sınaqdan da uğurla çıxacaq, birlikdə güclü olduğumuzu göstərəcəyik. Fürsətdən istifadə edərək, bu çətin məqamda yüksək vətəndaşlıq mövqeyi və həmrəylik nümayiş etdirən hər bir vətəndaşımıza, koronavirusla mübarizənin ön sıralarında çalışan fədakar həkimlərimizə, polisimizə, iqtisadiyyatımızın gələcəyini təmin edəcək sahibkarlarımıza möhkəm cansağlığı, uğurlar arzu edirik!