“Sosial sığorta yığımlarında şəffaflığın yaranması və Əmək və Əhlinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi fəaliyyət nəticəsində DSMF-nin büdcədən asılılığı xeyli dərəcədə azalmaqdadır”.
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, 2022-2026-cı illər üçün sosial strategiya sənədi hazırlanıb və təqdim edilib: “Başlıca çağırış ölkə iqtisadiyyatının neftdən asılılığını sıfıra endirməkdir. Bunun üçün iqtisadiyyatda adekvat mühit yaradılması nəzərdə tutulur. Məhz bu ideologiyadan çıxış edərək cari ildə Baş nazirin rəhbərliyi altında yaradılmış işçi qruplarda yüksək səviyyəli yerli və beynəlxalq ekspertlərin iştirakı ilə müzakirələr keçirilib. Bunun üçün ölkə iqtisadiyyatının bütün sahələrində strateji hədəflər və bu hədəflərə çatmaq üçün plan müəyyən edilib. Strategiyanın maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin həcmi 20 milyard manata yaxındır. Növbəti ilin dövlət büdcəsi yeni strateji ilin ilk büdcəsidir”.