2023-cü il ərzində 90 bazar subyektində bir sıra mal və xidmətlərin reklamı zamanı qanunvericiliyin tələblərinin pozulması halı aşkarlanıb.
"Sosial şəbəkələrdə reklamla bağlı qanunvericilik pozulur"
FED.az xəbər verir ki, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli 18 yanvar tarixində keçirilən mətbuat konfransında bildirib.
Bu pozulma hallarından 20-i tibbi xidmət və əczaçılıq preparatlarının reklamı zamanı, 15-i bank xidmətlərinin reklamı zamanı, 13-ü spirtli içkilərin reklamı zamanı, 11-i turizm xidmətlərinin reklamı zamanı, 9-u bioloji aktiv qida əlavələrinin reklamı zamanı və 6-sı sığorta sahəsində reklamlardır.
FED.az-ın marka adları ilə bağlı yaranan mübahisələrin həlli ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rolu haqqında sualına cavab olaraq xidmətin rəis müavini Cəfər Babayev bildirib ki, qurum marka adları ilə bağlı mübahisələrlə bağlı bir çox müraciət alır.
"Belə mübahisələrin həlli istiqamətində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Əqli mülkiyyət Agentliyindən ekspert rəyi alaraq mübahisənin səbəbini və həlli yollarını araşdırır" - deyə rəis müavini deyib.