Kofe qiymətlərində bahalaşmanın növbəti ildə də davam etmə ehtimalı böyükdür.
Eləcə də bax: Kofenin qiyməti rekord vurdu – İLİN ƏVVƏLİNDƏN 60% BAHALAŞIB
FED.az xəbər verir ki, bu barədə bazarı tədqiq edən Fitch Solutions bildirib.
Ən məşhur qəhvə növlərindən olan arabica-nın fyuçers qiymətləri bu il 45,8%, robusta növündə isə 52,2% artıb.
Kofe istehsalında lider Braziliyada yaşanan quraqlıq, eləcə də ikinci ən böyük ixaracatçı olan Vyetnamda koronavirusun yeni dalğası qiymət artımına təsir edən əsas amillərdir.
Avqustda Vyetnamın kofe ixracı iyula nisbətən 8,7% azalaraq, 111 min tona düşüb. Yanvar-avqust aylarında Vyetnam cəmi 1,1 milyon ton qəhvə ixrac edib ki, bu da ötən ilin analoji dövründən 6,4% azdır.
Braziliyada ilin əvvəlindən soyuq hava, daha sonra isə quraqlıq qəhvə plantasiyalarına ciddi ziyan vurub. Növbəti ildə məhsul ixracında qıtlıq yaranacağı şübhəsizdir. Bu səbəbdən Fitch Solutions arabica qəhvəsinin bir funtuna (0,45 kq) görə qiymət proqnozunu 1,35 dollardan 1,60 dollara qaldırıb. Gələn il üçün orta qiymət isə 1,50 dollardan götürülür. (Marja)