Azərbaycanda biznes fəallığı artdıqca, bu sahəyə dövlət dəstəyi mexanizmlərinə yenidən baxılması da aktuallaşır.
Eləcə də bax: Azərbaycanda ixracdan ən çox pul qazanan – ŞİRKƏTLƏR MƏLUM OLDU – SİYAHI
FED.az xəbər verir ki, Azərbaycanda tekstil məmulatlarının istehsalçısı «Mehin kollekşn» brendinin sahibi olan iş adamı Rəşid Həsənov, hazırda dövlət tərəfindən sahibkarlar üçün tətbiq edilən ixrac təşviqinin məbləğinin az olduğunu bildirib: «Hazırda sahibkarlara ixrac üçün verilən ixrac təşviqinin həcmi – 3% çox aşağıdır».
Xatırladaq ki, ixrac təşviqi - iş adamlarını ölkədən mal və xidmətlərin ixracına həvəsləndirmək üçün tətbiq edilən mexanizmdir. Bu mexanizm vasitəsilə əvvəlcədən təsdiqlənmiş siyahıya daxil olan məhsulların ixracı zamanı iş adamı ixracın 3%-i qədər dövlətdən vəsait alır.
R.Həsənov bu rəqəmin aşağı olduğunu bildirir. Onun sözlərinə görə, ölkədən böyük ixraca nail olmaq üçün ixrac təşviqinin məbləği də artmalıdır. İş adamı bu sahədə Çini nümunə göstərir: «Çində tekstil məmulatları üçün ixrac təşviqinin həcmi 18% təşkil edir. Bunun 5-6%-i sənədləşdirməyə sərf edilir, qalır 13% təmiz məbləğ». Çində bəzi sahələrdə ixrac təşvidi daha böyükdür, məsələn: «Traktor və digər texnikaların ixracı üçün təşviq 40-45%-dir».
R.Həsənovun sözlərinə görə, Azərbaycanda ixrac təşviqi təmiz 10% olarsa, sahibkarlar üçün daha əlverişli olar: «Bu həm sahibkarları həvəsləndirər, həm də malların xaricə satış qiymətini daha sərfəli, rəqabət qabiliyyətli edə bilər».