“Bəzi hallarda biz vergi ödəyicilərinin qeydiyyat kodunda - fəaliyyət sahələrində problem olduğunu görürük”.
FED.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf deyib.
Eləcə də bax: Həmin sahibkarlara bir ay 250 manat - Dəstək Veriləcək
Onun sözlərinə görə, bəzi iş adamlarının faktiki fəaliyyəti ilə uçotda olduqları fəaliyyət üst-üstə düşmür: “Fürsətdən istifadə edib bir daha biznes nümayəndələrinə, sahibkarlara müraciət etmək istərdik ki, bu məlumatları yoxlasınlar, əgər səhvlər varsa bunları düzəltsinlər. Çünki əldə edə biləcəkləri yardımlar bundan asılıdır. Eyni zamanda biz sahibkarlıq subyektlərinə ödənişləri rəsmi əmək haqqı fonduna uyğun olaraq edirik. Əgər hər hansı sahibkarlıq subyektində qeyri-rəsmi, qanunazidd işçi olubsa bu, onun əmək haqqı balansında görünmür. Təbii ki, həmin şəxslərə vəsaitin ödənilməsində problem yaranır”.
Nazir müavini hansı sahibkarlıq subyektlərinin fəaliyyətinin bərpasının da konkret bilinmədiyini qeyd edib: “Açılmanın nə qədər subyekti əhatə edəcəyi rəqəmi məndə yoxdur. Bunun da səbəblərindən biri qeydiyyat məlumatlarında yanlışlıqların olmasıdır. Hazırda bu istiqmətdə də işlər görürük” (Report).