Prezident İlham Əliyev mayın 1-də Özbəkistanın “Uzavtosanoat” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Uluqbek Rozukulovu qəbul edib.
Ağdamda 10 milyon manatlıq - AYAQQABI FABRİKİ AÇILACAQ
FED.az xəbər verir ki, dövlətimizin başçısı, ilk növbədə, Özbəkistanda referendumun uğurla keçirilməsi münasibətilə Prezident Şavkat Mirziyoyevə təbriklərini çatdırmağı xahiş etdi. Referendumu qardaş Özbəkistanın hərtərəfli inkişafı və demokratiyanın möhkəmlənməsi istiqamətində mühüm addım kimi dəyərləndirən Azərbaycan Prezidenti qeyd etdi ki, bu referendum, eyni zamanda, Özbəkistan Prezidentinin həyata keçirdiyi kursa xalqın göstərdiyi etimaddır.
Prezident İlham Əliyev Özbəkistana səfərləri zamanı bu ölkədə gedən böyük inkişaf proseslərinin şahidi olduğunu məmnunluqla qeyd etdi. Dövlətimizin başçısı Özbəkistan Prezidenti ilə keçirilən görüşlər zamanı əldə olunmuş razılaşmaların, o cümlədən avtomobil istehsalı sahəsində həyata keçirilən işlərin də əməkdaşlığın genişlənməsi baxımından önəmini vurğuladı.
Xoş sözlərə görə minnətdarlığını bildirən Uluqbek Rozukulov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin salamlarını və xoş arzularını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Şavkat Mirziyoyevə çatdırmağı xahiş etdi.
Şavkat Mirziyoyevin Azərbaycanla əməkdaşlığa çox böyük önəm verdiyini vurğulayan qonaq dövlət başçılarının tapşırıqları əsasında azərbaycanlı həmkarları ilə daim əzmlə çalışdıqlarını diqqətə çatdırdı.
Uluqbek Rozukulov ölkəmizə səfəri çərçivəsində Hacıqabul Sənaye parkında iki istehsal müəssisəsinin – qaynaq və boyama fabriklərinin təməlqoyma mərasimində iştirak edəcəyi barədə dövlətimizin başçısına məlumat verdi. Qeyd etdi ki, hər iki müəssisə Azərbaycanda avtomobil istehsalının lokallaşdırılması istiqamətində növbəti addım olmaqla sənayenin bu sahəsinin inkişafına töhfə verəcək.
Görüşdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıldı.