Nazirlər Kabineti ölkədə unun və un məmulatlarının, o cümlədən çörəyin qiymətinin artmasının qarşısını almaq məqsədilə yeni qərar qəbul edib.
Azərbaycana bir ton buğdanın idxal dəyəri - 40 Dollar Bahalaşıb
FED.az xatırladır ki, ölkədə çörəyin qiymət artımını saxlamaq üçün ilk belə qərar hələ bu ilin fevralında qəbul edilmişdi.
Nazirlər Kabinetinin «Ərzaqlıq buğdanın idxal qiymətinin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması ilə bağlı əlavə tədbirlər barədə» 2021-ci il 16 fevral tarixli 37 nömrəli Qərarında un istehsalçılarına subsidiyannı verilməsi nəzərdə tutulurdu. Amma həmin qərar sentyabr ayınadək qüvvədə idi.
İndi isə həmin qərara dəyişiklik edilib.
Nəticədə həm un istehsalçılarına subsidiya davam edəcək, həm də subsidiyanın hesablanmasının yeni üsulu tətbiq edilib.
Hökumət ümid edir ki, bu qərar unun və çörəyin bahalaşmasının qaşısını alacaq. «Sözügedən qərara dəyişiklik edilməsi barədə 16.09.2021 tarixli 268 nömrəli Qərarının qəbul edilməsi nəticəsində un istehsalçılarına subsidiya verilməsi sentyabr ayından sonrakı dövrdə də davam edəcək»-deyə açıqlamada deyilir.
Əlavə olaraq, Qərarda ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə təsirlərin azaldılması məqsədilə 2021-ci il sentyabrın 1-dən un istehsalçılarına satılan unun hər tonuna görə ödəniləcək subsidiyanın məbləğinin hesablanması qaydası da müəyyən edilir.
Təsdiq edilmiş qaydaya əsasən, un istehsalçıları tərəfindən satılan unun hər tonuna görə, ərzaqlıq buğdanın orta aylıq idxal dəyəri və istehsalçının marjasının cəmi ilə unun topdansatış qiymətinin yuxarı həddi arasındakı fərq həcmində subsidiya veriləcək.
Xatırladaq ki, ölkənin uni və bağdaya tələbatının ödənilməsi, qiymət artımına yol verilməməsi üçün bir neçə gün əvvəl hökumət növbəti addım atmışdı. Belə ki, Nazirlər Kabinetinin qərarı ilə ölkədən buğdanın və unun çıxarılması üçün hər tona görə 200 dollarlıq gömrük rüsumu tətbiq edilib. Bu addımın da məqsədi Azərbayandan xaricə buğda və un çıxarılmasının qarşısının alınmasıdır.