Əsas qlobal ərzaq qiymətləri ardıcıl olaraq yeddinci aydır ki, ucuzlaşır. Belə ki, bu proses fevral ayında da davam edib.
Azərbaycanda inflyasiya 1,7% təşkil edib
FED.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının yaydığı məlumata görə (FAO), əsas taxıl məhsulları üzrə beynəlxalq kotirovkaların azalması şəkər və ətin bahalaşmasını böyük ölçüdə kompensasiya edib.
Əsas ərzaq mallarının beynəlxalq qiymətlərində aylıq dəyişiklikləri izləyən FAO indeksi fevral ayında 113,7 bənd dəyişib və yanvar ayı ilə müqayisədə 0,7 faiz, habelə ötən ilin analoji dövrü ilə müqayisədə 10,5 faiz azalma qeyd edilib.
Qlobal taxıl ticarətinin əvvəlki illə müqayisədə 1,3 faiz artacağı proqnozlaşdırılır ki, bu da Ukraynanın qarğıdalı ixracına dair proqnozun yaxşılaşması və Çin tərəfindən tələbatın artması ilə əlaqədardır.
Əlverişli hava şəraiti nəticəsində dünyanın ən böyük ixracatçılarından biri olan Rusiya Federasiyasında buğda istehsalı artacaq, həmçinin Çin, Hindistan və Pakistanda yaxşı məhsul əldə ediləcək.
Cənubi Amerikada yüksək məhsul və Ukraynanın təklif etdiyi münasib qiymətlər gözləntiləri fonunda qarğıdalının ixrac qiymətləri aşağı düşüb. Fevralda beynəlxalq düyü qiymətləri də 1,6 faiz ucuzlaşıb.
Bitki yağının qiymət indeksi yanvar ayı ilə müqayisədə 1,3 faiz azalaraq 2023-cü ilin fevral ayından bəri 11 faiz aşağı olub. Qlobal səviyyədə soya yağının qiymətləri nəzərəçarpacaq dərəcədə azalıb, buna Cənubi Amerikada soya məhsulunun yüksək səviyyədə olacağı perspektivləri təsir edib. Qlobal palma yağının qiymətləri fevral ayında hasilatın mövsümi azalması səbəbindən bir qədər artıb.
Süd məhsullarının qiymət indeksi Asiyada istehlakçıların kərə yağına artan tələbatı ilə 1,1 faiz artıb. Süd tozu və pendirin də qiymətləri bir qədər qalxıb.
Ət qiymətləri indeksi yanvar ayına nisbətən 1,8 faiz qalxıb, ən çox artım quş əti və mal ətində olub ki, buna Avstraliyada heyvandarlıq nəqliyyatını pozan güclü yağışlar səbəb olub. Donuz əti qiymətləri də Çindən gələn tələbatın artması və Qərbi Avropada sıx təchizat şərtləri səbəbindən bir qədər yüksəlib.
Şəkərin qiymət indeksi fevral ayında 3,2 faiz artıb. Bu tendensiya uzun müddət davam edən orta səviyyədən aşağı yağıntılardan sonra Braziliyada istehsalla bağlı davam edən narahatlıqları, habelə Tailand və Hindistanda hasilatın proqnozlaşdırılan azalmasını əks etdirir. (Azərtac)