Həftənin ilk günündə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində İqtisadiyyat Nazirliyi, Sahibkarlar Konfederasiyası və Banklar Assosiasiyası ilə birlikdə “Dövlət-özəl tərəfdaşlığı haqqında” qanun layihəsinin geniş müzakirəsi keçirilib.
Eləcə də bax: Elnur Allahverdiyev: “Ermənistan vurduğu iqtisadi ziyanı ödəməlidir!”
FED.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, komitə üzvü, millət vəkili Elnur Allahverdiyev hesab edir ki, plenar iclasın müzakirəsinə çıxarılan qanun layihəsi dövrün tələbləri və iqtisadi trendlərinə cavab verir. “Layihə qəbul edildiyi tədqirdə qanun dövlətlə özəl sektor arasındakı münasibətlərin daha intensiv, konstruktiv və effektiv olacağına şərait yaradacaq. Biz bilirik ki, hökumətin başlıca iqtisadi kursu real iqtisadiyyatın mövqelərinin möhkəmlənməsinə və büdcənin enerji daşıyıcılarından əldə edilən gəlirdən asılılığının azaldılmasına yönəlib. Bu baxımdan, sözügedən qanun layihəsi hökumətin kursunun ruhuna uyğundur” – deyə E.Allahverdiyev bildirib.
Deputat deyib ki, qanun qəbul edilərsə, “dövlət-özəl münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoyacaq. Bu qanun özəl sektor təmsilçilərinə mühüm üstünlüklər verən yeniliklərə səbəb olacaq. Söhbət azad rəqabətin, tərəflər arasında həm marağın, həm də risk balansının qorunması, hüquq bərabərliyi kimi prinsiplərdən gedir. Xüsusilə qeyd etmək istəyirəm ki, qanun həmçinin, şəffaflıq və səmərəliliyin artımına ciddi təkan verəcək”.
E.Allahverdiyevin sözlərinə görə, dövlət xüsusilə son illərdə sahibkarın yanında olduğunu nümayiş etdirən addımlar atır. Bu baxımdan, sözügedən qanunun qəbul edilməsi prosesin daha da intensivləşməsi ilə nəticələnəcək: “Gəlin pandemiya və postpandemiya dövrünü xatırlayaq. Hökumətin sahibkarları ayaqda saxlamaq üçün atdığı addımları, onlara kompensasiyaların ödənilməsi, postpandemiya mərhələsində özəl sektorun özünə gəlməsi üçün görülən tədbirləri unuda bilmərik. O cümlədən, vergi sisteminin təkmilləşməsi, gömrükdəki neqativ hallardan nəticənin çıxarılmasına doğru atılan addımları da vurğulamalıyıq”.
Millət vəkilinin verdiyi məlumata görə, sözügedən qanun tək özəl sektora dividentlər verməyəcək. Dövlət özü də bu prosesdən qazanan tərəf olacaq. “Təbii ki, dövlətin də öz xeyiri var. Ümumiyyətlə, əgər hökumət qarşısına özəl sektorun iqtisadiyyatdakı payının artırılması məqsədini qoyubsa, sahibkarın və milli biznesin inkişafı tək özəl iqtisadiyyata deyil, dövlətə də xeyirdir. Bu baxımdan, qanun dövlət vəsaitlərindən səmərəliliyin artmasına yol açacaq. Vəsaitlərin səmərəliliyi ilə yanaşı xidmətlərin də səməmrəliliyi və keyfiyyəti yüksələcək. Bu, özəl investisiyaların, habelə xarici kapital axınının artmasına səbəb olacaq. Rəqabət amili güclənəcək, məntiqlə, rəqabətəmeyilli yerli məhsul istehsalı və onun xarici ixracı səviyyəsi artacaq. Bütün bunların daha bir hədəfi təbii ki, iş yerlərinin açılması və məşğulluğun artımı olacaq” – deyə E.Allahverdiyev vurğulayıb.