Dövlət Gömrük Komitəsinin (DGK) məlumatlarına əsasən 2019-cu ildə xarici ticarət dövriyyəsi 7.7% artaraq 33.3 mlrd. ABŞ dolları təşkil edib ki, bunun da 19.6 mlrd. ABŞ dolları (və ya 59%-i) ixracın, 13.7 mlrd. ABŞ dolları (və ya 41%-i) isə idxalın payına düşmüşdür. Xarici ticarət balansında 6 mlrd. ABŞ dolları məbləğində müsbət saldo yaranmışdır.
Eləcə də bax: Azərbaycan iqtisadiyyatı 2020-ci ilə - ARTIMLA BAŞLADI
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının Pul Siyasəti icmalında bildirilir.
Bununla yanaşı, AMB bildirir ki, 2019-cu ildə əmtəə idxalı 19.2% artmışdır. O cümlədən, dövlət sektoru üzrə əmtəə idxalı 56.8% artaraq 4.1 mlrd.manat, özəl sektor üzrə isə 4.1% artaraq 8.5 mlrd.manat olmuşdur. Dövlət sektoru üzrə idxalın artımı Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən qızıl külçə alışı və Azərbaycana gətirilməsi ilə əlaqədardır (təqrbən 2 milyard dollarlıq və ya 3,4 milyard manatlıq əməliyyat olub).
İdxal olunmuş məhsulların 16.8%-i Rusiya, 12.1%-i Türkiyə, 10.5%-i Çin, 9%-i İsveçrə, 5.6%-i ABŞ, 5.2%-i Almaniya, 3.4%-i Ukrayna kimi ölkələrinin payına düşüb.
Ötən ildə idxal yeyinti məhsulları üzrə 20%, o cümlədən buğda üzrə 65.3%, meyvə-tərəvəz üzrə 18.1% artıb.
Plastmassa və onlardan hazırlanan məmulatlar üzrə idxal 9.8%, əczaçılıq məhsulları üzrə 2.2% artmış, qara metallar və onlardan hazırlanan məmulatlar, mebel, tütün üzrə azalıb.