Dönər üçün nəzərdə tutulan toyuq ətinin qiyməti bahalaşıb.
Eləcə də bax: İri broyler şirkətləri toyuq kəsimi məntəqələlərindən – NAZİRLİYƏ ŞİKAYƏT EDİBLƏR
FED.az xəbər verir ki, əvvəlki vaxtlarda dönər üçün nəzərdə tutulan toyuq ətinin bir kiloqramı üçün qiymət 5 manat, 5 manat 50 qəpik aralığında dəyişirdi. Hazırda isə 10 gündür ki, toyuq ətinin bir kiloqramı 6 manat 50 qəpiyə satılır.
Qiymət artımı ilə əlaqədar paytaxtda müxtəlif yerlərdə satılan toyuq dönərinin də qiymətində artımlar baş verib. Qiymət artımı etməyən dönərxanalar isə dönərin porsiyasına dəyişiklik etməli olublar.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildirilib ki, Azərbaycanda ərzaq məhsullarının, o cümlədən qeyd etdiyiniz toyuq ətinin qiyməti Dövlət tərəfindən tənzimlənən tariflər əsasında deyil, bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq, tələb-təklif və istehsal xərclərinin dinamikası əsasında, eyni zamanda dünya bazarındakı (o cümlədən əsas idxal bazarlarındakı) müvafiq məhsulun və onun əsas xammallarının qiymətlərinə uyğun olaraq formalaşır.
"“Sahibkarlıq fəaliyyəti haqqında” Qanuna əsasən, sahibkarlar öz məhsulları (işləri, xidmətləri) üçün qiymətləri sərbəst müəyyən edirlər. Bununla belə, dünya ərzaq bazarında qiymətin artımı fonunda ölkədə ərzaq məhsullarının qiymətində manipulyasiyalara yol verilməməsi üçün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qanunamüvafiq tədbirlər həyata keçirir. Belə ki, əsassız qiymət dəyişikliyinin qarşısının alınması, qiymətin formalaşması zamanı antiinhisar qanunvericiliyinə riayət olunmasına nəzarət məqsədilə Dövlət Xidməti tərəfindən istehlak bazarında mütəmadi monitorinqlər aparılır və qanun pozuntuları aşkar olunan zaman qanunvericiliyə uyğun tədbirlər görülür", - deyə qeyd olunub. (Trend)