Sıralarında iri broyler şirkətlərini birləşdirən Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası ölkə ərazisində bir sıra toyuq kəsimi məntəqələrinin ekoloji qaydalarını pozduğunu elan edib və onun qarşısını almaq üçün Ekologiya Nazirliyində kömək istəyib.
FED.az xəbər verir ki, bu məsələ Assosiasiya üzvlərinin Nazirlikdə keçirdiyi görüşdə müzakirə edilib.
«Çünki bazara çıxarılan keyfiyyətsiz, qida və ekoloji təhlükəsizlik tələblərinə cavab verməyən məhsullar əhali arasında quş əti ilə bağlı mənfi rəy formalaşdırmaqla bizim fəaliyyətimizə ciddi problemlər yaradır»-deyə Assosiasiya bildirir.
Qurum bildirir ki, hazırda ölkə ərazisində ekoloji təhlükəsizlik tələblərinə cavab verməyən, tullantılarla bağlı standartları nəzərə almayaraq ətraf mühitə ciddi zərər vuran bir sıra toyuq kəsimi məntəqələri fəaliyyət göstərməkdədir. Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə(ETSN) müraciət edərək, belə narahatlıq doğuran məsələlərin müzakirəsini təklif etmişdi.
Oktyabrın 5-də ETSN-də Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Xaliq Mirzəyev, Xidmətin şöbə müdiri Adil Zeynalov, Nazirliyin Ekoloji siyasət şöbəsinin sektor müdiri Mehman Nəbiyevlə APEPEA üzvləri – APEPEA İdarə Heyətinin sədri Mürvət Həsənli, “Siyəzən Broyler”in rəhbəri Cavid Abbasov, “Azerbaijan Poultry Company” LLC-nin direktoru Pərviz Hacıyev, “Qaraqaşlı Broyler”in nümayəndəsi Vaqif Hüseynov, “Səba Broyler” ASC-nin nümayəndəsi Rəşad Məmişov, Oqtay Xankişiyev - arasında görüş keçirilib.
Görüş zamanı Assosiasiya üzvləri xüsusilə Bakı ətrafında fəaliyyət göstərən sanitar-gigiyenik, ekoloji təhlükəsizlik tələblərinə cavab verməyən toyuq kəsimi məntəqələrinin yaratdığı narahatlıqları nazirlik rəsmilərinin diqqətinə çatdırıblar.
Bildirilib ki, belə kəsimxanalarda kəsilən toyuqların tükləri ətrafa dağıdılır, qanı yaxın ərazilərdə torpağa tökülür, bəzənsə dənizə axıdılır, digər tullantıları normal utilizasiya edilməyərək zibil qablarına atılır. C.Abbasov və P.Hacıyev toyuq kəsimi prosesində ekoloji tələblərin qorunması üçün tətbiq olunan müasir texnologiyalar, dünyada toyuq kəsimi prosesinə qoyulan ekoloji tələblər barədə nazirlik rəsmilərinə ətraflı məlumat veriblər.
APEPEA İdarə Heyətinin sədri Mürvət Həsənli Azərbaycanda müasir və ekoloji tələblərə tam cavab texnologiyalarla işləyən kəsimxanaların olduğunu, zərurət yaranarsa, həmin kəsimxanalarla tanışlıq imkanı yaradıla biləcəyini ETSN nümayəndələrinin diqqətinə çatdırıb.
Nazirlik rəsmiləri bildiriblər ki, bu məsələ ilə bağlı “Hicaz” toyuq əti istehsalçısına xəbərdarlıq edilib. Buna baxmayaraq, APEPEA üzvlərinin qeyd etdikləri ərazilərdə monitorinqlərə başlanacaq və həmin məntəqələrlə bağlı müvafiq tədbirlər görüləcək. APEPEA üzvləri isə sanitar-gigiyenik və ekoloji tələblərə cavab verən kəsimxana texnologiyalarına dair nazirlik əməkdaşlarını məlumatlandırmağa hazır olduqlarını bəyan ediblər.