Dövlət Gömrük Komitəsinin müvafiq qurumları tərəfindən istifadəyə yararsız, mənşəyi bilinməyən, həmçinin dövriyyəsi məhdudlaşdırılan və qadağan olunan malların məhvetmə prosesi həyata keçirilib.
Eləcə də bax: Ermənistan, Aİ-yə güzəştli şərtlərlə məhsul - İxrac Edə Bilməyəcək
FED.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin Əməliyyat İstintaq Baş İdarəsinin Tədqiqat şöbəsinin rəisi Elnur Qurbanov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, 4600 qutu fişəng və 119 min 385 ədəd pirotexniki vasitələr, müxtəlif adda və vaxtı keçmiş dərman preparatları, 3 min 218,75 litr alkoqollu və kustar üsulla hazırlanmış içkilər, 162 litr sərinləşdirici içkilər, 361,14 kiloqram ərzaq və qeyri-ərzaq məhsulları, 107 kiloqram yuyucu vasitələr komissiya üzvlərinin iştirakı ilə məhv edilib.
Qeyd edək ki, məhv edilən mallar Nazirlər Kabinetinin 305 saylı qərarı ilə müəyyənləşdirilən normalara əməl olunmadan gömrük sərhədindən keçirilməyə cəhd göstərildiyi üçün müvəqqəti saxlanc anbarına qəbul edilən və saxlanc müddətində vətəndaşlar tərəfindən həmin malların geri götürülməsinə dair müraciət olunmayan, eyni zamanda, istifadəyə yararsız, mənşəyi bilinməyən, dövriyyəsi məhdudlaşdırılmış və qadağan olunmuş kateqoriyalarına aiddir.
Məhv edilən mallar arasında Ermənistan istehsalı olan istifadəyə yararsız 37 ədəd suvenirlər, 32 qutu siqaret və 51,70 litr müxtəlif spirtli içkilər də olub.
Mallar müvafiq ekspert rəyinə əsasən məhvetmə prosesinə cəlb edilib.