Ermənistan Aİ-nin Ümumi Preferensiya Sistemindən çıxarılıb
2022-ci il yanvarın 1-dən etibarən Ermənistan məhsulları güzəştli şərtlərlə Aİ ölkələrinə ixrac oluna bilməyəcək.
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, buna səbəb Ermənistanın Avropa İttifaqının Ümumi Preferensiya Sistemindən (GSP+) çıxarılmasıdır.
Bu sistemə əsasən, 2009-cu ildən bəri Ermənistan malları Avropa İttifaqına sıfır və ya azaldılmış gömrük rüsumları ilə idxal edilirdi. "Berlin Economics" tədqiqat mərkəzi bildirir ki, GSP+ sistemindən çıxarılması nəticəsində Ermənistanda bir sıra sahələr ziyan görəcək.
Mərkəzin hesablamalarına görə, Ermənistan Aİ-yə ixracının təxminən 20%-ni itirəcək ki, bu da təxminən 114 milyon dollar təşkil edir. Asiya İnkişaf Bankının məlumatına görə, itki 146 milyon dollardan artıq olacaq.