Rusiyada iyun ayı üzrə istehlak qiymətləri indeksi (CPI) ilə bağlı iyulun 10-da açıqlanacaq məlumatların illik inflyasiyanın may ayındakı 5,3%-dən 6,0%-ə yüksəldiyini göstərəcəyi gözlənilir.
Rusiyada «hər qəpiyə qənaət» başlayır – Dövlətin keçirdiyi mənasız forumlar ləğv edilir
FED.az xəbər verir ki, bu barədə “Bloomberg Intelligence”in iqtisadi məsələlər üzrə analitiki Ekaterina Vlasova yazıb.
“Biz aylıq ifadədə 0,85%-lik artım gözləyirik ki, bu da 2012-ci ildən bəri iyun ayı üçün ən yüksək göstəricidir. Əsas hərəkətverici qüvvə benzindir: iyunda qiymətlər aylıq ifadədə təxminən 7% artıb. Buna Ukraynanın ən böyük neft emalı zavodlarına endirdiyi zərbələr nəticəsində istehsalın azalması və yaranan çatışmazlıq səbəb olub. Hesablamalara görə, bu amil aylıq inflyasiyanı 0,3 faiz bəndi artırıb”, – Vlasova bildirib.
Analitik həmçinin qeyd edib ki, neft qiymətlərinin enməsi fonunda iyunun ortalarından etibarən rubl zəifləyib. Bu isə aprel və may aylarında istehlak qiymətləri indeksinin azalmasına səbəb olan dezinflyasiya təsirini aradan qaldırıb.
Ekspertin fikrincə, yanacaq böhranı təklif yönümlü şok olsa da, onun ümumi qiymətlərə və inflyasiya gözləntilərinə təsir göstərməsi ehtimalı yüksəkdir. Bu riskə Rusiya Mərkəzi Bankı da artıq diqqət çəkib.
Vlasova hesab edir ki, fiskal perspektivlər əsas problem olaraq qalsa da, yanacaq şoku tənzimləyicinin mövqeyini gücləndirəcək və faiz dərəcələrinin daha da aşağı salınması imkanlarını məhdudlaşdıracaq.















