Belarus dünyada ərzaq təminatı ilə bağlı problemlər fonunda Azərbaycanla ərzaq məhsullarının qarşılıqlı tədarükünün artırılmasında maraqlıdır.
FED.az xəbər verir ki, bunu Belarusun baş naziri Roman Qolovçenko deyib.
“Əlbəttə ki, bu mövzuya xüsusi diqqət ayırmaq, Belarus və Azərbaycanın ərzaq təhlükəsizliyini təmin etmək lazımdır. Biz həm Azərbaycana süd və ət məhsullarının tədarükünün inkişafında, həm də Azərbaycanın meyvə-tərəvəz məhsullarının Belarusa tədarükündə maraqlıyıq”, - deyə Qolovçenko bu gün Bakıda Azərbaycanın baş naziri Əli Əsədovla görüşdə bildirib.
FED.az xəbər verir ki, belaruslu baş nazir qeyd edib ki, Belarus müəssisələri bu günlərdə öz məhsullarını Bakıda keçirilən “Caspian Agro” və “Inter Food” beynəlxalq sərgilərində təqdim edirlər.
Ə.Əsədov öz növbəsində, pandemiya ilə əlaqədar məhdudiyyətlərin bir daha olmayacağına və əyani görüşlər üçün daha çox imkan yaranacağına ümidvar olduğunu bildirib. “İki ölkə arasında münasibətlərin səmimi, dostluq xarakteri daşıdığını vurğulayan baş nazir bu əlaqələrin gələcək inkişafına ümid etdiyini deyib. O, Belarus maşınqayırma kompleksinin məhsullarının Azərbaycanda geniş təmsil olunduğunu, ərzaq sahəsində də perspektivlərin olduğunu diqqətə çatdırıb”, - deyə məlumatda qeyd olunur. (İnterfaks-Azərbaycan)