Bu gün Bakıda İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi, Dövlət Gömrük Komitəsi, KOBİA yanında İctimai Şura və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə “Gömrük islahatları: çağırışlar və imkanlar” mövzusunda ictimai müzakirə təşkil olunub.
Azərbaycanda gömrük statuslu depoların fəaliyyətə başlaması - TƏKLİF OLUNUR
FED.az xəbər verir ki, dövlət-sahibkar əməkdaşlığı çərçivəsində təşkil olunmuş tədbirdə aidiyyəti dövlət qurumlarının, biznes assosiasiyalarının nümayəndələri və sahibkarlar iştirak ediblər.
KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov tədbirin şuranın sayca 3-cü tərkibdə formalaşmasından sonra təşkil edilmiş ilk ictimai müzakirə olduğunu, ümumilikdə 2022-ci il ərzində şuranın 8 ictimai müzakirə keçirdiyini bildirib. O, qeyd edib ki, gələn il də KOBİA yanında İctimai Şuranın təşkilatçılığı ilə sahibkarlıq subyektlərinin qarşılaşdıqları çətinliklərin öyrənilməsi, bu sahədə dövlət-özəl əməkdaşlığının gücləndirilməsi məqsədilə belə tədbirlərin keçirilməsi davam etdiriləcək.
Dövlət Gömrük Komitəsinin (DGK) sədrinin I müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov gömrük-biznes əməkdaşlığı çərçivəsində bu kimi ictimai müzakirələrin əhəmiyyətini vurğulayaraq gömrük sistemində aparılan islahatlardan danışıb, sahibkarların gömrük məsələlərinin operativ qaydada həll edilməsi üçün zəruri addımların atıldığını, eyni zamanda gömrük işinin səmərəliliyinin artırılmasında sahibkarların rəy və təkliflərinə həssaslıqla yanaşıldığını diqqətə çatdırıb.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov gömrük prosedurları ilə bağlı sahibkarların məlumatlandırılması, qarşılaşdıqları çətinliklərin müzakirə edilməsi məqsədilə Agentliyin müxtəlif platformalar üzərindən mütəmadi olaraq DGK-nın nümayəndələrinin iştirakı ilə bir sıra tədbirlər keçirdiyini qeyd edib. O, vurğulayıb ki, KOB-ların çətinliklərinin öyrənilməsi məqsədilə müvafiq dövlət qurumlarının, o cümlədən DGK-nın və sahibkarların iştirakı ilə bu il 6 sahəvi görüş və maarifləndirmə tədbiri keçirilib. Bu tədbirlərdə 200-ə yaxın sahibkar iştirak edib. O.Məmmədov gömrük prosedurlarının sadələşdirilməsi və təkmilləşdirilməsi ilə bağlı sahibkarlardan daxil olmuş təkliflər və gözləntilər barədə də məlumat verib.
Tədbirdə sahibkarların təklifləri və qarşılaşdıqları çətinliklər dinlənilib, aidiyyəti dövlət qurumlarının nümayəndələri sahibkarların suallarını cavablandırıb.