2020-ci il ərzində Azərbaycanın ümumi ixracı 13,7 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə isə 1,9 mlrd. dollar dəyərində olub.
Eləcə də bax: Azərbaycan sənayesinin qeyri-neft sektorunda məhsul istehsalı ötən il - 12,5% Artıb
FED.az xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, qeyri-neft sektoru üzrə ixrac 2019-cu il ilə müqayisədə 102 mlrd. dollar və ya 5,2% azalıb.
Ötən il ərzində Rusiyaya 691 mln. dollar, Türkiyəyə 377,8 mln. dollar, İsveçrəyə 224,8 mln. dollar, Gürcüstana 127,6 mln. və Çinə 44,5 mln. dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
İl ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında qızıl (205,6 mln. dolları) birinci, tomat (pomidor) (201,4 mln. dollar) ikinci və pambıq mahlıcı (131,9 mln. dollar) üçüncü olub.
Ümumiyyətlə, 2020-ci il ərzində meyvə-tərəvəz ixracı 607,7 mln. dollar, pambıq lifi ixracı 133,2 mln. dollar, alüminium və ondan hazırlanan məmulatların ixracı 113,4 mln. dollar, kimya sənayesi məhsullarının ixracı 85,2 mln. dollar, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 52,4 mln. dollar, pambıq ipliyi ixracı 19 mln. dollar, spirtli və spirtsiz içkilərin ixracı 12 mln. dollar, şəkər ixracı 26,9 mln. dollar, bitki və heyvan mənşəli piylər və yağlar ixracı 24,7 mln. dollar, çay ixracı 9,5 mln. dollar təşkil edib.
2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2020-ci il ərzində meyvə-tərəvəz ixracı 0,3%, bitki və heyvan mənşəli piylər və yağlar ixracı 34%, şəkər ixracı 0,1%, pambıq lifi ixracı 7,5% artıb.
2020-ci ilin dekabr ayında qeyri-neft sektoru üzrə ixrac 213,5 mln. dollar təşkil edib.
Sözügedən dövr ərzində qeyri-neft sektorunun ümumi ixracda payı 31,4% təşkil edib ki, bu da ötən dövrlə müqayisədə 23,1% çoxdur. 2020-ci ilin dekabr ayında yeyinti məhsullarının qeyri-neft sektorunda payı 34,4%, qeyri-yeyinti sektoru üzrə isə 65,6% təşkil edib.
2020-ci ilin dekabr ayında qeyri neft-qaz məhsulları üzrə ən çox mal Rusiyaya (62,8 mln. dollar), Türkiyəyə (57,3 mln. dollar), İsveçrəyə (23,5 mln. dollar), Gürcüstana (10,7 mln. dollar) və Özbəkistana (7,6 mln. dollar) ixrac edilib.
2020-ci ilin dekabr ayında qeyri-neft sektoru üzrə ixracda xurma (26,7 mln. dollar) birinci, qızıl (21,9 mln. dollar) ikinci, pambıq mahlıcı (21,3 mln. dollar) üçüncü yerdə qərarlaşıb.