FED.az xəbər verir ki, Rusiyanın «Rosselxoznadzor» qurumunun yaydığı məlumata görə, Azərbaycandan Rusiyaya ixrac edilən pomidor və kahıda zərərli obyektlər tapılıb.
Məlumata görə, fevral ayında Dağıstan ərazisinə idxal edilən ümumilikdə 35 957 ton meyvə və tərəvəz «Rosselxoznadzor»un Dağıstan idarəsi tərəfindən yoxlanılıb.
17 mal partiyasında zərərli orqanizmlər tapılıb.
Məlumatda deyilir ki, zərərli orqanizmlər fevralda Azərbaycandan göndərilən 2 pomidor partiyasında aşkar edilib. Göndərilən ümumi həcm 35,3 ton olub. Eyni zamanda Azərbaycandan 12 partiya ilə göndərilən 186,2 ton kahıda zərərli orqanizmlər aşkar edilib.
Bundan başqa, zərərli orqazimlər İran (39 ton) və Türkiyədən (12 ton) göndərilən pomidorlarda da tapılıb.
Nəzarət edici qurum məhsullarda Cənubi Amerika pomidor güvəsi və Qərbi (Kaliforniya) çiçək tripsi aşkar edib.
Bu səbəbdən problemli məhsulun idxalçıları inzibati məsuliyyətə də cəlb edilib.
Xatırladaq ki, Azərbaycan Rusiyaya təzə pomidor ixracında liderdir, bu ölkəyə xaricdən gətirilən pomidorun yarıdan çoxu Azərbaycanın payına düşür.
Bununla yanaşı, Azərbaycanın bəzi pomidor istehsalçıları bildirir ki, zərərli orqanizmlərin tapılması ilə bağlı Rusiya tərəfindən göstərilən problemlər bəzi hallarda süni olaraq yaradılır.