Azərbaycandan ilk yumurta partiyası Rusiyaya gətirilib.
Patruşev: “Azərbaycandan göndərilən yumurta gələn həftə Rusiyaya daxil olmağa başlayacaq”
FED.az xəbər verir ki, Rusiya Azərbaycandan ərzaq yumurtası idxal etməyə başlayıb.
Rusiya Kənd Təsərrüfatı və Fitosanitariya üzrə Federal Nəzarət Xidmətinin verdiyi açıqlamaya görə, dekabrın 19-da “Yaraq-Kazmalyar” sərhəd qapısından 36 ton (612 min ədəd) ərzaq yumurtası gətirilib. Bu yumurtalar Rusiyaya satış üçün gətirilib.
Rusiyanın bu addımı Rusiya Kənd Təsərrüfatı və Fitosanitariyaya Nəzarət Xidmətinin rəhbəri Sergey Dankvert və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzli arasında keçirilən görüşlər nəticəsində atılıb.
Bu addım Rusiyanın yumurta tədarükünü genişləndirmək səylərinin bir hissəsi hesab olunur.
Lakin bu addımı Rusiyada son aylarda müşahidə edilən qırmızı ətin və toyuq yumurtasının qiymətlərinin artmasına reaksiya kimi də qiymətləndirmək olar. Rusiya Statistika İdarəsinin (Rosstat) məlumatına görə, noyabrda yumurtanın qiyməti oktyabr ayı ilə müqayisədə 15,07% artıb. İlin əvvəlindən qırmızı ətin və toyuq yumurtasının qiymətinin ümumilikdə 36,54% artdığı müşahidə olunub.