Rusiyada yumurtanın qiyməti Yeni ildən sonra ucuzlaşacaq, Azərbaycan gələn həftə tədarükə başlayacaq.
Azərbaycan Rusiyaya yumurta ixracına - BAŞLAYIR
FED.az xəbər verir ki, Rusiyanın kənd təsərrüfatı naziri Dmitri Patruşev belə hesab edir.
“Çox ümid edirəm ki, Yeni ildən sonra qiymətlər ucuzlaşmağa başlayacaq”, - deyə nazir jurnalist Pavel Zarubinə müsahibəsində bildirib.
O qeyd edib ki, nazirlik qiymət artımının qarşısını almaq üçün tədbirlər görür. “Artıq gələn həftə Azərbaycandan yumurta daxil olmağa başlayacaq. İki-üç həftə sonra Türkiyədən yumurtalar müvafiq idxal rüsumu olmadan ölkəmizə gətiriləcək ki, bu da bizə qiymətləri tənzimləməyə imkan verəcək”, - deyə D.Patruşev qeyd edib.
Onun sözlərinə görə, idxal rüsumunun ləğvi prosesi demək olar ki, başa çatıb. “Bu, bazarı təmin etməyə imkan verəcək”, - deyə kənd təsərrüfatı naziri vurğulayıb.
Patruşev xatırladıb ki, nazirlik yumurta və quş əti istehsalçılarına dövlət dəstəyini artırıb, həmçinin şəbəkələrin istehsalçılarla birbaşa müqavilələr bağlaya bilməsi üçün onlarla fəal işləyir. “Bu da istehlakçılar üçün qiymətə təsir edəcək”, - deyə o qeyd edib.
“Rosstat”ın məlumatına görə, dekabrın 5-dən 11-dək Rusiyada yumurtanın qiyməti 4,6%, ilin əvvəlindən isə 46,2% bahalaşıb. Bu, ərzaq bazarında ən yüksək artım tempidir. (İnterfaks-Azərbaycan)