Azərbaycanda hər il olduğu kimi, bu il də nar bağlarından bol məhsul yığılsa da, fermerlər onun satışında çətinlik çəkir.
Bu barədə FED.az-a “Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin sədri Fərhad Qaraşov məlumat verib.
Onun sözlərinə görə, nar istehsalçıları məhsullarını xarici bazarlarda satmağa çalışsa da, ixracda ciddi problemlər var: "Bu, əsasən Rusiya və Ukrayna arasındakı müharibədən qaynaqlanır. Bu iki ölkə bizim əsas ixrac bazarlarımızdır. Lakin mövcud vəziyyətə görə bu il nəzərdə tutduğumuz ixracın 40-50 %-ni reallaşdıra bilirik".
F.Qaraşov deyir ki, xaricə nar aparan sürücülər Ukrayna ərazisinə daxil olmaq üçün digər Avropa ölkələrinin ərazisindən istifadə etməli olurlar. Bunun üçün isə şengen vizası almaq lazımdır:
"Bu vəziyyət ixrac müddətini 5 gündən 20 günə qədər artırır. Ona görə də, istehsalçılarımız Azərbaycan narının Ukraynaya ixracına bir o qədər də səy göstərmir. Rusiyada isə qismən səfərbərlik olduğu üçün əhalinin bir o qədər də strateji meyvə saymadığı narın alışı zəifləyib. Düzdür, Rusiyaya ixrac davam edir, amma bu ənənəvi bazarda qiymətlər aşağıdır. Avropaya nar ixrac etmək üçün isə "Globalgap" sertifikatı tələb olunur. Bütün bu səbəblərə görə fermərlər nar ixrac edə bilmirlər. Məsələ ilə bağlı dövlət qurumlarına müraciət etmişik. Gələn həftə narçılıqla bağlı ümumrespublika müsahibəsi keçiriləcək və problemləri kənd təsərrüfatı naziri dinləyəcək”.
Nar ixracındakı çətinliklər fermerləri hələ ki daxili bazara yönəldib. Amma burada da qiymətlər istehsalçıları qane etmir.
"Mil-Muğan, Aran kimi ərazilərdən böyük narlar artıq toplanıb. Siz yalnız bəzi yerlərdə Göyçayın el arasında sellofana salınmış məhsul kimi tanınan növünün kiloqramının 10 manata satıldığını görə bilərsiniz. Sözügedən nar az miqdardadır. Balaca narların isə bir kliqoramının satış qiyməti 50 qəpikdir. Hətta ixrac üçün alınan malın qiyməti də 50 qəpikdir. Bakıdakı bazarlarda da müşahidə edə bilərsiniz ki, nar çox ucuz satılır, piştaxtalar arasında qiymət maksimum 3 manatdır”, - deyə sədr qeyd edib.
Azərbaycanda ötən il 184 min tona yaxın nar yığılıb. Bu il bu rəqəmin ötən illə müqayisədə az olmayacağı gözlənilir. (Report)