Kürdəmir rayonunda taxıl biçininə start verilib.
FED.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Mətləb Kərimov bildirib.
Onun sözlərinə görə, taxıl istehsalçıları məhsulu vaxtında və itkisiz toplamaq üçün bütün qüvvələrini səfərbər ediblər: “Fermerlər ilk gündə 100 hektara qədər sahədə biçin aparıblar. Taxıl zəmilərindən ilkin olaraq arpa biçilir və orta məhsuldarlığın keçən ildəkindən fəqli olaraq 35 sentner təşkil edəcəyi proqnozlaşdırılıb”.
Eləcə də bax: Azərbaycan Afrikaya alkoqolsuz şərab - İXRAC EDƏCƏK
M.Kərimov deyib ki, bu il kürdəmirli fermerlər 48 000 hektar sahədə taxıl yetişdiriblər: “Taxıl əkilən sahələrin 18 000 hektarını buğda, 30 000 hektarını isə arpa zəmiləri təşkil edir. Əgər hava şəraiti imkan verərsə, biçini iyunun 25-nə kimi sona çatdıra biləcəyik. Əvvəlki illərdən fərqli olaraq, bu il sahələrdə kombayn çatışmazlığı da olmayacaq. Bununla bağlı xüsusi komissiya yaradılıb. Hər hansı sahədə kombayn çatışmamazlığı yaranarsa, dərhal həmin sahələr kombaynla təhciz olunacaq”.
Qeyd edək ki, taxıl biçininə 170 kombayn cəlb edilib. Rayonun daha çox taxıl əkilən Karrar, Qarasaqqal, Qarasu, Ərəbqubalı, Muradxan və bir sıra digər ərazi vahidlərində biçin kampaniyası daha mütəşəkkil qaydada başlayıb və bu yerlərdə fermerlər, eləcə də torpaq mülkiyyətçiləri daha yüksək məhsuldarlığa nail olacaqlarını deyirlər.