Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 102,8%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 105,1%, qeyri-ərzaq məhsulları üzrə 101,3%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 101% təşkil edib.
Eləcə də bax: AYİB: Azərbaycanda bu il inflyasiya 3% olacaq
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu ilin oktyabr ayında isə istehlak qiymətləri indeksi sentyabr ayı ilə müqayisədə 100,2%, ötən ilin oktyabr ayına nisbətən isə 102,3% olub.
Ötən ay ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 100,3%, ötən ilin oktyabr ayına nisbətən isə 104,4% təşkil edib.
Oktyabrda sentyabrla müqayisədə ayrı-ayrı ərzaq məhsullarından daha çox artım uzun düyünün, qarabaşaq yarmasının, makaronun, toyuq ətinin, xamanın, brınza pendirinin, günəbaxan yağının, portağalın, bananın, qozun, fındığın, xiyarın, pomidorun, bibərin, badımcanın, yerkökünün, çuğundurun, kartofun, soğanın, şəkər və şəkər tozunun, şokoladlı konfetlərin, azalma isə əsasən təzə balığın, limonun, naringinin, almanın, armudun, heyvanın, narın, xurmanın, kivinin, kələmin, balqabağın, göy lobyanın, sarımsağın qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Ötən ay qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 100,1%, ötən ilin oktyabr ayına nisbətən 101,4% olub. 2020-ci ilin oktyabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi sentyabr ayı ilə müqayisədə 100%, ötən ilin oktyabr ayına nisbətən isə 100,3% təşkil edib. (Report)