Azərbaycan və Pakistan bir sıra məhsulların gömrük rüsumlarından azad edilməsi ilə bağlı danışıqlar aparır.
"Pakistandan keyfiyyətli düyü ala biləcəyimiz təqdirdə nə üçün onu başqalarından almalıyıq?"
FED.az xəbər verir ki, bunu noyabrın 30-da Pakistan-Azərbaycan iqtisadi əməkdaşlıq palatasının (PakAzCham) prezidenti Cavaid Bhatti "Ticarət və ixracat" adlı forum zamanı deyib.
Onun sözlərinə görə, hər iki ölkə qarşılıqlı ticarət dövriyyəsinin artırılması üçün böyük potensiala malikdir və bu gün Azərbaycan məhsullarının Pakistan bazarına daxil olması üçün danışıqlar aparılır.
"Burada söhbət tekstil məhsulları və digər məhsul növlərindən gedir. Həmçinin, pambıq və kosmetika məhsullarının gömrük rüsumlarından azad edilməsi planlaşdırılır", - deyə o bildirib.
PakAzCham prezidenti qeyd edib ki, yaxın zamanlarda tikinti sahəsi üzrə pakistanlı nümayəndə heyətinin Azərbaycana səfəri planlaşdırılır.
"Onu da qeyd edim ki, Azərbaycanla Pakistan arasında nəqliyyat və tranzit sahəsində sıx əməkdaşlıq aparılır", - C.Bhatti deyib. (Trend)