Azərbaycan 2021-ci ilin yanvar-may aylarında $907,6 milyon məbləğində qeyri-neft məhsulları ixrac edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 25,4% çoxdur.
Eləcə də bax: Azərbaycanın böyük özəl ixrac şirkətinin adı - Açıqlandı
FED.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib.
Hesabat dövründə ixracın strukturunda əsas həcm çiyidli pambıq $108,6 milyon – artım 2,2 dəfə), qızıl ($87,4 milyon – artım 35%), pomidor ($87 milyon – azalma 29,3%), polipropilen ($44,2 milyon – artım 66,8%), sıxlığı 0,94-dən az olan ilkin formada polietilen ($40,4 milyon – artım 26,6%), təmizlənmiş fındıq ($37,8 milyon – azalma 25,9%), xurma ($31,9 milyon – artım 2,3 dəfə), elektrik enerjisi ($30,3 milyon – azalma 26%) və alüminium ərintilərindən hazırlanmış düzbucaqlı plitələrin ($21,4 milyon - artım 3,8 dəfə) payına düşüb.
Yanvar-may aylarında Azərbaycandan qeyri-neft məhsulları idxal etmiş ölkələrin beşliyinə Rusiya ($279,5 milyon – artım 3,1%), Türkiyə ($255 milyon – artım 76,7%), İsveçrə ($91,1 milyon – artım 27,4%), Gürcüstan ($69,1 milyon - azalma 2%) və ABŞ ($29,5 milyon – artım 3,8 dəfə) daxil olub. Beləliklə, qeyri-neft məhsullarının ixrac həcminin 30,8%-i RF-nin, 28%-i Türkiyənin payına düşüb.
2020-ci ildə Azərbaycan $1,9 milyard məbləğində qeyri-neft məhsulları ixrac edib ki, bu da 2019-cu ilin göstəricisindən 5,2% azdır. İqtisadiyyat Nazirliyinin qiymətləndirmələrinə görə, 2026-cı ilə qədər Azərbaycanın qeyri-neft məhsullarının ixracı $4 milyarda yaxın təşkil edəcək. (İnterfaks)