Bu ilin yanvar-fevral aylarında Azərbaycanın ixracının dəyəri 6 milyard ABŞ dolları, o cümlədən qeyri-neft ixracının dəyəri 461,8 milyon ABŞ dolları təşkil edib.
Eləcə də bax: Azərbaycan 2021-ci ildə kartof ixracını - 13,5% ARTIRIB
FED.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki, bu barədə “İxrac icmalı”nın mart sayında bildirilir.
Sənədə əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-neft ixracı 39,4% artıb.
O cümlədən meyvə-tərəvəz məhsullarının ixrac dəyəri 21,9 milyon ABŞ dolları artaraq 92,3 milyon ABŞ dolları təşkil edib.
Müvafiq dövr ərzində kimya sənayesi məhsullarının ixracı 9 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 57,4%, pambıq lifi ixracı 38,3%, pambıq ipliyi ixracı 35,2%, qara metallar və onlardan hazırlanan məmulatların ixracı16,5% artıb.
Normallaşma prosesinin davam etdiyi dövrdə 2022-ci ilin fevral ayı üzrə ixrac 2,9 milyard ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixracda artım 24% təşkil etməklə 229,6 milyon ABŞ dolları olub.
2022-ci ilin fevral ayı ərzində yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq ayı ilə müqayisədə 19,4% artaraq 51,7 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 25,4% artaraq 177,9 milyon ABŞ dolları təşkil edib.