Daşkənddə Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin ofisinin açılışı olub. İqtisadiyyat naziri Mikayıl Cabbarov, Özbəkistanın investisiya, sənaye və ticarət naziri Ləziz Kudratov, həmçinin iki ölkənin müvafiq qurumlarının nümayəndələri ofisdə yaradılan şəraitlə tanış olublar.
Özbəkistanda Azərbaycan kapitallı 236 müəssisə fəaliyyət göstərir
FED.az nazirliyin yaydığı məlumata istinadən xəbər verir ki, Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti 2023-cü ilin dekabrında Özbəkistanda “Azerbaijan Uzbek İnvestment” MMC Birgə Müəssisəsi (AUİC) kimi qeydiyyatdan keçib.
Qurumun missiyası iqtisadiyyatın müxtəlif sahələri üzrə fəaliyyət göstərən şirkətlərin kapitalında 49 faizədək paya sahib olmaqla biznesin genişləndirilməsi və gələcək inkişafı üçün maliyyələşməni təmin etməkdir. Ofisi Daşkənd şəhərindəki “Trilliant Tower 1” Biznes Mərkəzində yerləşən investisiya şirkətinin nizamnamə kapitalı 500 milyon dollarıdır.
Birgə müəssisənin strateji məqsədi idxalı əvəz edən və yüksək texnologiyalı məhsul istehsalının təşviqi, iki ölkə arasında ticarət dövriyyəsinin artırılması, emal sahələri və innovasiyaların inkişafı, xarici investisiyaların cəlb edilməsidir.