Azərbaycan məhsulları Moskvada keçirilən Beynəlxalq qida məhsulları sərgisində nümayiş olunur.
AZPROMO: "Bu il daha iki Ticarət Evinin açılması gözlənilir"
FED.az xəbər verir ki, İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda ixracın və investisiyaların təşviqi agentliyinin təşkilatçılığı ilə ölkəmizdə istehsal olunan məhsullar 31-ci “Prodexpo-2024” Beynəlxalq qida məhsulları, içkilər və onların istehsalı üçün istifadə edilən xammal sərgisində rusiyalı alıcılara təqdim olunur.
Moskvanın “Exposentr” Beynəlxalq Sərgi Mərkəzində keçirilən sərgidə Azərbaycan daxil olmaq dünyanın 37 ölkəsindən 2150 şirkət iştirak edir. Avropanın ən böyük ərzaq sərgilərindən biri hesab olunan “Prodexpo”da ölkəmiz “Made in Azerbaijan” vahid ölkə stendi ilə təmsil olunur.
“Azpromo”nun icraçı direktorunun müavini Tural Hacılı bildirib ki, Azərbaycan ənənəvi olaraq "Prodexpo" sərgisində iştirak edir. "Bu il də vahid ölkə stendimizdə 28 Azərbaycan şirkəti təmsil olunur. 28 şirkətin 10-u alkoqollu məhsul istehsallçısıdır, digərləri isə qida sektorunun müxtəlif istiqamətlərini təmsil edir".
Azərbaycan şirkətlərinin təqdim etdiyi kənd təsərrüfatı məhsulları, o cümlədən quru meyvə, qoz-fındıq, meyvə şirələri, zeytun yağı, makaron və digər un və qənnadı məhsulları, şərab, digər alkoqollu və alkoqolsuz içkilər sərgiyə gələnlər tərəfindən maraqla qarşılanıb.
Rusiyalı istehlakçılar Azərbaycan məhsullarının keyfiyyətinə çoxdan bələd olduqlarını söyləyiblər. Məhz bu səbəbdən də, alıcılar Rusiya bazarlarında Azərbaycan məhsullarını daha çox çeşiddə görmək istədiklərini bildiriblər.
Qeyd edək ki, təşkilatçılar fevarlın 9-dək davam edəcək “Prodexpo” beynəlxalq qida məhsulları sərgisinin iki ilə yaxındır sanksiyalar altında yaşayan Rusiyanın ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edəcəyinə ümid edirlər. (Apa)