Azərbaycan İnvestisiya Holdinqi ilə Çinin "FiberHome Telecommunication Technologies Co., Ltd." şirkəti arasında əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanıb.
Azərbaycan İnvestisiya Holdinqinin idarə etdiyi 11 şirkətdən 8-i dividend ödəyir
FED.az xəbər verir ki, bununla əlaqədar keçirilən tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov, Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru Ruslan Əlixanov, “FiberHome Telecommunication Technologies Co., Ltd”nin Baş icraçı direktoru Hai Lan iştirak ediblər.
Bu gün telekommunikasiya texnologiyaları sahəsində ixtisaslaşan şirkətlə imzalanan sənədin icrası tərəflərin ağıllı infrastruktur, innovativ mexanizmlər və informasiya texnologiyaları istiqamətlərində əməkdaşlığını gücləndirməklə Azərbaycan və Çin arasında biznes tərəfdaşlığının təşviqinə və Azərbaycan İnvestisiya Holdinqinin portfel şirkətləri tərəfindən qabaqcıl biznes təcrübələrinin tətbiqinə təkan verəcək.
Qeyd edək ki, "FiberHome Telecommunication Technologies Co., Ltd." şirkəti 1999-cu ildən fəaliyyət göstərən Çinin nəhəng telekommunikasiya texnologiyaları şirkətlərindən, habelə dünyanın ən böyük fiber-optik kabel istehsalçılarından biridir. Şirkət optik ötürmə sistemləri, İP şəbəkələri, məlumat mərkəzləri və müasir şəbəkə infrastrukturu həlləri kimi sahələrin daxil olduğu geniş məhsul portfelinə sahibdir və dünyanın 90-dan çox ölkəsində məhsul və xidmətlərin satışını həyata keçirir.