Milli Məclis, Azərbaycan və Fransa hökumətləri arasında iqtisadi münasibətlərə yenidən baxılması və dərindən təhlil edilməsi üçün Azərbaycan hökumətinə çağırış edib.
Eləcə də bax: Milli Məclis Fransa Senatının qətnaməsinə etiraz bəyanatı - Qəbul Edib
FED.az xəbər verir ki, bu barədə Fransa Senatının qəbul etdiyi qətnaməyə etiraz olaraq Milli Məclisin bu gün keçirilən iclasında qəbul edilmiş bəyanatda bildirilir.
Bəyanatda deyilir: “2020-ci il noyabrın 10-da Azərbaycan və Rusiya prezidentlərinin və Ermənistan Baş nazirinin imzaladığı bəyanat Dağlıq Qarabağ münaqişəsinə son qoymuşdur. Bu üçtərəfli bəyanat BMT TŞ-nin qəbul etdiyi və Fransanın da dəstəklədiyi 4 qətnamənin icrası deməkdir. Bu bəyanat eyni zamanda digər mötəbər beynəlxalq qurumların qəbul etdiyi sənədlərin icrasını təmin edib. Milli Məclis yaradılan yeni reallıqların hər kəs tərəfindən qəbul olunmalı olduğunu xatırladır. Azərbaycan Respublikası hökumətinə aşağıdakı təkliflərlə çağırış edir:
“1. Fransanın ATƏT-in Minsk Qrupu həmsədrliyindən çıxarılması üçün ATƏT rəhbərliyinə müraciət edilsin.
2. Azərbaycan və Fransa hökumətləri arasında iqtisadi münasibətlərə yenidən baxılsın və dərindən təhlil edilsin”.
Sənəd səsə qoyularaq, qəbul edilib.