Milli Məclis Fransa Senatında qəbul edilmiş "Dağlıq Qarabağ Respublikasının tanınması zərurəti" adlı qətnaməyə etiraz bəyanatı qəbul edib.
Eləcə də bax: “Azərbaycanın Fransadakı səfiri geri çağırılmalıdır”
FED.az xəbər verir ki, bəyanatda qətnamə pislənilir və qeyd olunur ki, bu qətnamə beynəlxalq hüququn əsas norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır.
Sənədin mətnini deputat Cavanşir Feyziyev təqdim edib.
Bəyanatda deyilir: “2020-ci il noyabrın 10-da Azərbaycan və Rusiya prezidentlərinin və Ermənistan Baş nazirinin imzaladığı bəyanat Dağlıq Qarabağ münaqişəsinə son qoymuşdur. Bu üçtərəfli bəyanat BMT TŞ-nin qəbul etdiyi və Fransanın da dəstəklədiyi 4 qətnamənin icrası deməkdir. Bu bəyanat eyni zamanda digər mötəbər beynəlxalq qurumların qəbul etdiyi sənədlərin icrasını təmin edib. Milli Məclis yaradılan yeni reallıqların hər kəs tərəfindən qəbul olunmalı olduğunu xatırladır. Azərbaycan Respublikası hökumətinə aşağıdakı təkliflərlə çağırış edir:
“1. Fransanın ATƏT-in Minsk Qrupu həmsədrliyindən çıxarılması üçün ATƏT rəhbərliyinə müraciət edilsin.
2. Azərbaycan və Fransa hökumətləri arasında iqtisadi münasibətlərə yenidən baxılsın və dərindən təhlil edilsin”.
Sənəd səsə qoyularaq, qəbul edilib.
XXX
Milli Məclisin bu gün keçirilən iclasında Fransa Senatının qəbul etdiyi qətnaməyə etiraz bəyanatı müzakirəyə çıxarılıb.
Etiraz bəyanatının mətnini Milli Məclisin sədri Sahibə Qafarova oxuyub.
Bəyanatda bildirilib ki, Fransa haqsızı müdafiə etməkdən əl çəkməli, haqlının yanında olmalıdır: “Azərbaycan xalqı bundan sonra da Prezident İlham Əliyevin ətrafında yumruq kimi birləşərək dövlətimizə və xalqımıza qarşı yönələn bütün çirkin əməlləri dəf etməyə qadirdir”.
“Bildiyiniz kimi, dünən Fransa Senatında Azərbaycana qarşı çirkin siyasi aksiya təşkil olunub və Azərbaycana qarşı qərəzli sənəd qəbul edilib”,- Sahibə Qafarova deyib.
Sədr bildirib ki, qətnamədə xalqımızın apardığı vətən mübarizəsinin üzərinə kölgə salmağa cəhd göstərilib: “Eyni zamanda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ müharibəsi təhrif edilib. İş orasıdır ki, hətta Senatın üzləri Fransa hökumətini qondarma rejimin müstəqilliyini tanımağa çağırmışdılar. Milli Məclisdə haqlı olaraq, buna qarşı bəyanat qəbul etməsi zərurəti yaranıb”.